16 Fevral 2022 10:29
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-da 20 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 18-dək davam edəcək səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyənləşdirən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə həyata keçirilir. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayır.

Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq səyahətçilər Ağdamda olacaq. Tanınmış fotoqraf Reza Deqati Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış edəcək. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edəcək, törədilmiş urbisidi öz gözləri ilə görəcəklər. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olacaqlar. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.

Heyətə “NomadMania” klubunun yaradıcısı və rəhbəri, dünyanın 1301 regionundan 1252-də olaraq dünya rekordçusu olan Harry Mitsidis (https://nomadmania.com/master/ALL/0/1/20/0) rəhbərlik edir.

Xatırladaq ki, beynəlxalq səyahət klublarının (ETIC - Extremal Travellers International Congress, MTP - Most Traveller People, TCC -Travelers' Century Club, “Nomadmania”) rəhbərləri bir qrup səyyahla birgə ilk dəfə 2021-ci il sentyabrın 27-də azad edilmiş ərazilərə səfər etmişdilər. On bir ölkədən olan heyət o vaxt kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına enmiş, azad edilmiş ərazilərdə olmuş və dağıntılara, quruculuq işlərinə şahidlik etmişdilər.

Bu dəfə isə həm səyyahların təmsil olunduğu ölkələrin coğrafiyası 2 dəfə böyüyüb.

Dünya şöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa, Şərqi Zəngəzura, o cümlədən Zəngəzur dəhlizinə getdikcə artan marağını ifadə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər