3 Avqust 2022 17:10
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Azərbaycanla strateji tərəfdaşlığın davamını istəyirsə, sülhməramlılarını alternativ yola köçürməli, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun nəzarətinə keçməsinə imkan verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:

“Ermənilər hələ SSRİ illərində Qarabağda separatçılığa başlayanda və gələcək “addımlarını” planlaşdıranda qarşılarına bir neçə hədəf qoymuşdular. Birinci hədəfləri keçmiş Dağlıq Qarabağın hamısını, o cümlədən Şuşanı işğal etmək, azərbaycanlıları dədə-baba yurdlarıdan qovmaq idi. İkinci hədəfləri keçmiş Dağlıq Qarabağ ətrafında özlərinin təbirincə desək, “təhlükəsizlik zolağı” yaratmaq və bunun üçün Azərbaycanın digər rayonlarını işğal etmək idi. Üçüncü hədəfləri keçmiş Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizini nəzarətə götürmək idi.

Separatçılar Birinci Qarabağ müharibəsində hər üç hədəfə çatdılar. İkinci Qarabağ müharibəsində isə “təhlükəsizlik zolağını” və işğalda saxladıqları Şuşa və Hadrut qəsəbəsini itirdilər, azərbaycanlıların geri qaydışı prosesi başlandı. Hazırda üçüncü hədəfləri olan Laçın dəhlizi də əllərindən çıxmaq üzrədir. Alternativ yol hazırdır. Buna görə də Laçın şəhərinin, kəndlərinin və dəhlizin Azərbaycan ordusunun nəzarəti altına keçməsi aktuallaşıb”.

Elxan Şahinoğlu bildirib ki, separatçılar müqavimət göstərməyə çalışır və Kremldən dəstək umurlar:

“Qarşımızda dayanan separatçılar deyil, onlarla məsələni həll etmək çətin deyil, aydınlaşdırılmalı məsələ Kremlin verəcəyi qərarla bağlıdır. Azərbaycan Qarabağda Rusiya ilə toqquşmaq istəmir, danışıqlar yolu ilə rusiyalı hərbçilərin alternativ yola keçidi təmin edilməlidir. Bu məqsədlə yaxın günlərdə Bakı ilə Moskva arasında danışıqların intensivləşəcəyini proqnozlaşdırmaq olar.

Rusiya sülhməramlıları Laçına alternativ yolun tikintisinə mane olmadılar. Deməli, Kreml Laçın dəhlizinin alternativ yolla əvəz edilməsi ideyasının əleyhinə deyil, bu bənd 10 noyabr ortaq bəyanatında da yer alıb. Sadəcə alternativ yol vaxtından əvvəl inşa olunub. Əgər Moskva Azərbaycanla strateji tərəfdaşlığın davamını istəyirsə sülhməramlılarını alternativ yola köçürməli, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun nəzarətinə keçməsinə imkan verməlidir. Əks halda Rusiya-Azərbaycan münasibətlərində çat baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər