“Ermənistanın sabiq prezidenti, müharibə canisi Serj Sərkisyan cəhənnəmə vasil edilmiş “münaqişə”nin tənzimlənməsinin birinci mərhələsi ilə bağlı mənşəyi bəlli olmayan kağız parçasını “ictimailəşdirib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu kağız parçasının yuxarı hissəsində, təkcə “paket variantı” ifadəsinin qeyd olunması sübuta yetirir ki, söhbət çoxsaylı təkliflərin, yaxud təşəbbüslərin birindən gedir:
“Dövlətlərarası sənədləşmələrdən hətta hər hansı bir anlayışı olmayan istənilən şəxs Sərkisyanın “ictimailəşdirdiyi” söz yığınına nəzər salmaqla, bunun yer aldığı kağız parçasının sənəd olmadığını başa düşə bilər.
Serjin kağız parçasındakı mətnində qeyd olunur:
“Biz - Azərbaycan və Ermənistan prezidentləri, regionun təhlükəsizliyi və çiçəklənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinin zəruriliyi ilə razıyıq. Biz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin BMT və ATƏT-in digər təməl sənədləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin cəhdləri kontekstində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş sənədlərə sadiqliyimizi təsdiqləyirik. Bu bəyannamə paket razılaşması prinsipinə əsaslanır. Burada yer alan müddəalar tamdır. Bunlar ayrı-ayrılıqda reallaşdırıla bilməzlər və (bu müddəaların gerçəkləşdirilməsi) həmsədr ölkələr də daxil olmaqla etibarlı beynəlxalq nəzarət tələb edir”.
Bu, Serj Azatoviçin “ictimailəşdirdiyi” “məxfi sənəd”in tərcüməsidir. Təsdiqlənməmiş, hətta müzakirəyə təqdim olunmağa belə yaramayan sübuta yetirilməmiş kağız parçası”.
Elçin Mirzəbəyli qeyd edib ki, bununla belə, məsələnin başqa bir tərəfi də var və Sərkisyanın kağız parçasına diqqət yetirməsinin əsas səbəbi də məhz bu “başqa tərəf”lə bağlıdır:
“Hazırda Ermənistanın siyasi qüvvələrinin gündəmini məğlubiyyətin səbəbkarlarının “axtarışı” təşkil edir. Hər kəs günahı başqasında axtarmağa, özünü təmizə çıxarmağa çalışır. Biz illər öncə bu mərhələni yaşamışıq. Amma maraqlıdır ki, bəzi qruplar Azərbaycanda da “köhnə palan içi sökmək”də maraqlı görünür, keçmişin qalıqlarını yenidən dövriyyəyə buraxmaqla Ermənistandakı siyasi vəziyyətin “surətini” ölkəmizin gündəminə daşımağa çalışırlar. Halbuki qalib ölkə kimi hədəfimiz Ermənistanın siyasi gündəmini daim təzyiq altında saxlamaqdan ibarət olmalıdır.
Təfərrüatına varmayacağam, bu gün diqqətimizin milli hədəflərdən yayındırılamasına, Ermənistanın siyasi qüvvələrinin depressiyadan çıxmasına, kütləvi psixozdan ayılmasına xidmət edən istənilən yanaşma yanlışdır, qüsurludur və üçüncü qüvvələrin əlinə işləyir”.