“Rusiya sülhməramlıları ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosini Qarabağa buraxmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Nensi Pelosinin Ermənistan ərazisindən Qarabağa keçmək cəhdinin qarşısı dərhal Rusiya sülhməramlıları tərəfindən alınmalı, geri qaytarılmalıdır. Laçın dəhlizində bütün avtomobillərin və sərnişinlərin hərtərəfli yoxlanılması və onlara nəzarət edilməsi vacibdir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı müvafiq göstərişi sülhməramlıların komandanlığına çatdırmalıdır.
Separatçılar artıq onunla görüşə hazırlaşırlar”, - ekspert bildirib.
Amerikalı spiker bu gün Ermənistana səfər edəcəyini açıqlayıb. Pelosi bununla bağlı dəvəti Ermənistandan çoxdan aldığını iddia edib.
Qeyd edək ki, Xankəndidə Ermənistan Baş naziri Nikol Paşinyana qarşı piket keçirən separatçılar İrəvana səfər edəcək Pelosini Qarabağa da gəlməyə çağırıblar.