28 Noyabr 2022 20:53
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar İrəvanın pozucu addımları sayəsində dalana dirənir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqlarında irəliləyişlər əldə etmək mümkün olmur:

“Paşinyan ABŞ və Avropa Birliyinin irəli sürdüyü təkliflərin əksinə olaraq, sülh danışıqları üzrə rus variantına üstünlük verir. Amma Bakının tələbinə görə Rusiyanın Ermənistanı qane edən müddəaları liderlərin Soçi görüşündən sonra qəbul edilən bəyanata salınmadı. Prezident İlham Əliyev qəti şəkildə bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin və sülhməramlıların fəaliyyət müddətinin uzadılmasının yer almasına qarşı çıxdı.

Paşinyan isə təkidlə rus variantının üzərində dayandığını deyir. Halbuki Ermənistanın baş naziri Soçidəki sonuncu bəyanatın şərtlərini də yerinə yetirməlidir. Əgər bu, baş verərsə, sülh danışıqlarında mühüm irəliləyiş əldə etmək olar. Amma Kreml də imza atdığı sənədin reallaşmasına imkan vermir.

Qərb və Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəqabət aparır. Rusiya da öz istəkləri yer alan müqavilənin imzalanmasına çalışır. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Rusiya Qarabağ məsələsinin həllini qeyri-müəyyən gələcəyə saxlanılmasına nail olmağa çalışır. Məhz buna görə Paşinyan Brüssel və Vaşinqtonun vasitəçiliyində maraqlı görünmür. Ermənistan baş naziri bununla vaxtı uzadaraq, nə zamansa bölgədəki geosiyasi nizamın ölkəsinin xeyrinə dəyişəcəyini gözləyir. Bu baxımdan, növbəti ildən Vaşinqton və Brüsseldən Bakıya ciddi dəstəyin veriləcəyi istisna deyil”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya və Ermənistanın pozucu fəaliyyəti Azərbaycana alternativ variantları nəzərdən keçirməyə məcbur edə bilər:

“Bölgədə təxribatçı və təhrikedici fəaliyyətlər davam etsə, Azərbaycan rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə ermənilərin silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər. Çünki qanunsuz birləşmələr son günlərdə atəşkəsi ardıcıl olaraq pozurlar. Bütün bunlara baxmayaraq, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar davam edəcək.

Gedişata uyğun olaraq, ABŞ və ya Avropa Birliyinin Rusiyanı prosesdən sıxışdırıb çıxaracağını düşünürəm. Çünki Fransa kimi Rusiyanın da son addımları sülhyaratma prosesinə zərər vurur. Buna görə də hər ikisi vasitəçi olmaq imkanlarını itirir. Məsələn, Azərbaycanda kiminsə Fransa və Rusiyanın səmimiyyətinə inandığını düşünmürəm. İndiki məqamda isə Brüssel və Vaşinqton rəqiblərindən daha obyektiv görünür. Kim obyektiv olacaqsa, vasitəçi də o olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu