6 Mart 2023 16:05
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ərazisində - Qarabağda gedən proseslərlə sərhəddə baş verənləri bir-birindən ayırmaq lazımdır. Ermənistan istəyir ki, bunları birləşdirsin. Azərbaycan öz ərazisində konstitusion hüquqlarından istifadə edərək, istənilən təhlükəsizlik tədbiri görə bilər. Bu, bizim Konstitusiya hüququmuzdur. Heç bir müqavilə, imzalanmış sənəd bunun əleyhinə ola bilməz, yəni bunlar Konstitusiyadan üstün ola bilməz. 10 noyabr sazişi də bura daxildir”.

Ermənilərin Azərbaycana qarşı son təxribatlarını Teleqraf.com-a şərh edən ReAl partiyası sədrinin müavini Natiq Cəfərli belə deyib.

Partiya rəsmisi hesab edir ki, ermənilərin qanunsuz silahlı birləşmələri ərazilərimizdə qalmaqda davam edəcəksə, Azərbaycan istənilən seçimi etmək hüququna malikdir:

“Ya da Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirib oradakı qeyri-qanuni silahlı birləşmələri çıxarmalıdır və qonarma rejimi ləğv etməlidir. Bu qondarma rejimin mövcudluğu nə 10 noyabr sazişinə, nə də Konstitusiyamıza uyğundur. Hər iki istiqamətdə əlimiz güclüdür. Bu tələb Rusiya sülhməramlılarının qarşısına qoyulmalıdır, bunun zamanı çatıb. Rusiya sülhməramlıları bunu etməyəcəklərsə, Azərbaycan ordusu konstitusion hüquqlarımızın bərpası ilə bağlı istənilən addımı atmağa qadirdir və buna imkanları, hüquqi əsasları var.

Rusiya sülhməramlıları ilə danışıqlarda bəzi tələblərin sərt şəkildə ortaya qoyulmasının zamanıdır. Laçın yolunda, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin qoyulması şərtdir, bunun başqa çıxış yolu da yoxdur. Lavrov deyir ki, bu, 10 noyabr razılaşmasında nəzərdə tutulmayıb. Bu, tamamilə absurd yanaşmadır. Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr razılaşması əsasında işləmir, Azərbaycan qanunlarına görə işləyir. Konstitusiyamızda da yazılır ki, Azərbaycan sərhədlərində Azərbaycan dövlətinin qanunları işləməlidir. Bu qanunlara uyğun da sərhəd-keçid rejimi tətbiq olunmalıdır. Rusiyanın istinad etdiyi 10 noyabr sazişi Azərbaycan Konstitusiyasından üstün ola bilməz.

Yaxın gələcəkdə, tezliklə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması, Xankəndi və ətrafında yerləşdirilmiş separatçı-terrorçu dəstələrin zərərsizləşdirilməsi və ya tərksilah edilərək bölgədən çıxarılmasına nail olmaq lazımdır. Əgər Rusiya sülhməramlıları öz üzərinə düşən vəzifələri yerinə yetirib bunu edəcəklərsə, lap yaxşı, etməyəcəklərsə, Azərbaycan öz ərazisində hüquqi addımlar atmaqda sərbəstdir”.

Bəs Rusiya sülhməramlıları bunu etməsə, Azərbaycan öz legitim addımlarını atacaqmı?

Natiq Cəfərli hesab edir ki, Azərbaycan heç nəyə baxmayaraq, bu addımları atmalıdır:

“Burada siyasi-hüquqi addımlara da ehtiyac var. Məlumdur ki, 10 noyabr sazişi haqlı olaraq Azərbaycan parlamenti tərəfindən təsdiqlənməyib. Bu, doğru addımdır. İndi Azərbaycan parlamenti toplana, öz vəzifələrini yerinə yetirməyən Rusiya sülhməramlılarının ərazimizdən çıxarılması ilə bağlı qanun layihəsini müzakirəyə təqdim edib, qəbul edə bilər. Prezidentin də istənilən qanunu təxminən iki aya yaxın müddətdə imzalayıb-imzalamamaq hüququ var. Prezident həmin müddətdə gedən danışıqlarda əlini daha da gücləndirə bilər. Rusiya tərəfinə deyə bilər ki, parlamentin belə bir qərarı var, mən buna veto qoya və ya imzalaya bilərəm, siz öhdəliklərinizi yerinə yetirsəniz, biz də bunu geri göndərə bilərəm, yerinə yetirməsəniz, mən bunu imzalayacam.

Hesab edirəm ki, bu, Rusiya üzərində başqa bir basqı rejimi yarada bilər. Nəticədə Rusiyanı məcbur etmək lazımdır ki, öz öhdəliklərini yerinə yetirsin, ya da bölgəni tərk etsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər