“Ermənistan Qarabağda Rusiya sülhməramlılarını əvəzləyəcək beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Ermənistanın bu separatçı cəhdlərinin heç bir nəticə verməyəcəyi qənaətindədir:
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni tərəfinin Azərbaycanla danışıqlarda bəzi yanaşmalarına aydınlıq gətirə biləcək bir sıra açıqlamalar verib. Ermənilər 2025-ci ildən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonuna Rusiya sülhməramlılarını əvəz edə biləcək xarici müşahidə missiyasının göndərilməsi məsələsini qaldırırlar.
Qriqoryanın “nikbinliyi” üçün həm bir əsas yoxdur, uğursuz istəkdir. Hətta onların dostları, tərəfdaşları belə açıq şəkildə bildirirlər ki, bura Azərbaycan ərazisidir. Əlbəttə, Bakının razılığı olmadan burada heç nə edə bilməzlər. Reallıq belədir, qaydalar bunlardır. Görünür, İrəvanda 44 günlük müharibədən sonra nə baş verdiyini tam dərk etmirlər. Anlamamaq isə ağrılı ola bilər”.