11 Avqust 2017 15:06
3 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öz əsərini danışdır” layihəsində

Hədiyyə Şəfaqət Mübariz Cəfərlinin “Bənna”sını danışdırır...

- Mübariz bəy, niyə "Bənna"?

- Əslində, "Bənna" o qədər çoxqatlı və çoxyozumlu romandı ki, onu tam təhlil eləmək bəlkə də mümkün deyil... Yalnız zirvəsi suyun üzündə olan aysberq kimi... Guya, bir suala cavab tapmaq istəyirsən, amma baxırsan ki, tapdığın cavabın içindən bir necə yeni sual çıxır...

- Hardan doğub “Bənna”nın ideyası? Onu yazmağa hazırlaşmısınızmı, “qeyd dəftərçəniz” vardımı? Tarixə baxdım, iki il müddətində tamamlanıb...

- "Bənna" dan qabaq "Bərpaçı" romanı yazılanda "Bənna" romanının rüşeymləri atılmışdı yəqin... Onun da tarixi beş-altı il əvvələ gedib çıxır... O ki qaldı qeyd dəftərçəmə-filana, mən yazı yazanda qeyd dəftərçəm ya çox kasıb olur, ya da ümumiyətlə, heç olmur...

- Yəni o zaman “Bərpaçı”da bitirmədiyiniz bir şeymi vardı, ya sonradan ideya doğdu? Mən bilirəm ki, siz hər bitən romandan sonra yenisi üçün nəsə saxlayırsınız...

- Yox. O üç roman ("Bərpaçı", "Bənna", “Bağban”) həm fərqlidi, həm də sanki bir-birinin davamıdı.... Qəribə havası vardı o əsərlərin, indi o ruha köklənməyin özü mənə ağlasığmaz görünür...

- Yəni bir az da vəhynən yazılırmış kimi?

- Şübhəsiz... İlhamla yazılan bütün əsərlərdə elədir yəqin.

- Deyirlər ki, ilhamla yazılan nəsr şeir kimidir...

- Deyə bilmərəm, mən heç vaxt şeir yazmamışam...

- Necə yazırdınız? Fasilələrlə, ya elə ardıcıl olaraq? Ümumiyyətlə, plan vardımı, bilirdinizmi hardan hara gedəcəksiniz?

- Gah fasilələrlə, gah birnəfəsə... Plana gəlincə, heç bir plan yox idi, hərdən mənə elə gəlir ki, o əsərləri mən yazmamışam, mən yalnız içraçı idim.

- Yəni, hardasa hazırdı, siz köçürmüsünüz. Bu sizdə nə hislər doğururdu? Həm romanın qəribə bir aurası var, sanki Şərq nağıllarının budaqları bu günün pəncərəsindən içəri boylanır...

- Heyrətdən də o yana bir hiss idi... Yerlə göy arasında səssizcə diktə olunanı köçürməkdi... Elə bil mən o əsərin müəllifi deyildim, həm də iştirakçısı idim, mən idarə eləmirdim, əksinə, mən özüm də idarə olunurdum. Orasını düzgün qeyd eləyirsiniz ki, elə bil qeyri-adi nağıllar dünyasına daxil olmuşdum.

- Mübariz bəy, Eyyub Sultanda olmusunuzmu?

- Bəlkə də on dəfə...

- Sizdə bir izi vardımı Eyyub Sultanın?

- Nə mənada?

- Yəni on dəfə ziyarət etmisiniz. Sizi bu qədər ora çəkib aparan nəydi?

- Mən elə yerlərə baş çəkəndə təzələnirəm sanki... Təkçə ora yox, orayabənzər çox yerlərə təkrar-təkrar baş çəkirəm mən...

- Bəs Eyyub Sultanı romana nə çəkdi gətirdi?

- Bu dünya ilə o dünya arasındakı yolun, sərhədin axtarışı... Nə bilmək olar, bəlkə heç cərhəd-zad da yoxdu...

- Axtarış bitməz.. Amma bu axtarışı gərəkdirən hansı səbəbdir?

- Bacardıqca dərinliyə getmək istəyi...

- Gedə bilmisinizmi? Romanda nə qədərinə enə bilmisiniz axtarışın?

- Deyə bilmərəm, amma izn verilsə, bəxtim gətirsə, insan zəkasının gedə biləcəyi son həddəcən enmək - əslində qalxmaq - istərdim. Qismət...

- Sultan Əyyubda bir qara geyimli qadın var, dilənçi...

- Yəqin ki, var...

- O həm də yoxdur, kiçik qardaş onu tapmır...

- Ola bilər... "Bənna" özü, necə deyim, "ilğımlı" romandı... Orda hər şey həm var, həm də yoxdu... Bəlkə ona görə tapa bilmir ki, ola bilsin, heç kiçik qardaşın özü də yoxdu...

- Mübariz bəy, romanın ümumi aurasına arabir, bəlkə də elə ən sehrli məqamlarda real düşüncələr qarışır, hətta qarışmır, ox kimi batır. Məsələn kiçik detal var, adam məscidə daxil olmadan əvvəl ayaqqabılarını çıxarır, lakin onları girişdə qoymağa ehtiyatlanır, özüylə götürür...

- Elədir... Zənnimcə, siz qeyd etdiyiniz məqamlar olmasaydı, əsər həm yorucu olardı, həm bugünkü nəfəs hiss edilməzdi, həm də oxucu “nəfəs almağa” macal tapmazdı...

- Namaz qılan adamlar bir-birinə mane olur...

- Real və irreal dünyaların sərhədi. Amma əslində real hansıdı? Kimsə bilməz... Ancaq o sərhəddə də gözəgörünənlər istər-istəməz, qeyri-ixtiyari ilahi harmoniyanı pozurlar...

- Həqiqət çox mücərrəd və qeyri müəyyəndir, onun harda və hansı olduğu əsla bilinməz...

- Böyük həqiqətlər elədi...

- Bütün həqiqətlər elədir. Əslində "həqiqət" kəlməsi də nəyə işarə edir, bəlli deyil...

- Bu artıq ayrı bir söhbətin mövzusu ola bilər...

- Bəs siz “Bənna”da hansı həqiqətin axtarışına çıxmısınız?

- Dünyalar arasındakı yolu axtarırdım...

- İzinə düşə bildinizmİ? Ya Simnar usta onu qalada gizləmişdi, açarını da atmışdı bilinməyən yerə? Axtarışa da Simnardan başlamışdınız...

- Hər halda, mən daha bir cəhd göstərdim. Zənnimcə,ən azı, bədii mənada nəsrin imkanlarının hüdudsuzluğunu göstərə bildim...

- Sizcə sizə qədər Azərbaycan ədəbiyyatında bunu göstərən kimlər vardı?

- Mən biləni yoxdu... Hər halda, indi yadıma sala bilmirəm...

- Romanınızda cilalanmamış bir təhkiyə var. Bu elə şüur axınının çılpaq təqdidirmi?

Amma bu təhkiyə bəzən istənilən situasiyada qaba girib içməli olan su kimidir, məsələn düşünürsən ki, biznesmen-sürücü-kənd müəllimi-qoca bənna dialoqları başqa necə ola bilərdi ki?

- Siz yəqin ki, məni çətinə salmamaqdan ötrü verdiyiniz suala özünüz məndən yaxşı cavab verdiniz...

- Əvvəl də qeyd etdiniz ki, romanınız çoxqatlıdır. Adi oxucu ilk baxışda bir axtarış mətni oxuyur, mətni maraqlı edən məqamlar var, o oxucunu sonadək aparır və təsadüfi oxucu yolayrıcıda dayanıb qalır-indi mən nə etməliyəm?-deyərək. Siz həm də deyirsiniz ki, bu aysberqin görünən tərəfidir, doğrudur?

- Doğrudur...

- Lakin siz romanı aysberqin görünməyən tərəfi üçün yazmısınız, daha doğrusu romanı sizə məhz o görünməyən tərəf yazdırıb, doğrumu düşünürəm?

- Elə də demək olar...

- O görünməyən tərəfi görənlər oldumu?

- Mən bütün oxucuların əvəzinə cavab verə bilmərəm, amma zənnimcə, tam görən olmadı, bəlkə bu mümkün də deyil...

- Yəqin ki, oxucu rəyləri, ya da elə qələm yoldaşlarınızı rəyi olub...

- Mən o rəylərə fikir vermirəm. Heç kəsi qınamaq da olmaz, hərə öz gördüyü haqqında fikir yürüdür... “Bənna” haqqında yazmaq hər adamın işi deyil...

- Niyə rəylərə fikir vermirsiniz, güvənmirsiniz, ya mətninizi etibar etmirsiniz?

- Mətnimdən arxayın olduğuma görə fikir vermirəm....

- Mübariz bəy, roman Azərbaycan jurnalında çap olunub, eləmi? Neçənci ildə?

- 2012-ci il. Üçüncü nömrədə...

- Mətnlərinizi "dincə qoymaq" kimi bir üsulunuz varmı?

- Hökmən... Bəzən illərlə...

- Bu romanı qoymamısınız, ya da az qalıb? Üçüncü nömrə roman bitəndən ən geci iki ay sonra çıxıb...

- Yox, mən həmişə bitmə tarixini əsəri bitirən gündən yox, tam redaktənin bitməsi gündən qoyuram...

- Çox redaktə edirsinizmi mətninizi adətən? Ya da elə yaza-yaza redaktə etmək kimi vərdişiniz var?

- Hərdən olur...

- Bu romanda necə olub? Bitirib etmisiniz. ya yazdıqca da nəsə düzəldirdiniz?

- Həm elə, həm də belə... Ümumilikdə həddən artıq çox redaktələrim olub.

Özü də dincə qoyandan sonra...

- Xırdalıqlara kimi?

- Əlbəttə...

- Evdə yazırdınız?

- Əksərən hə...

- Bəs "özgə gözə" vermirsinizmi, çapdan əvvəl yəni. Belə bir fikir var ki, bəzən müəllif mətninə dalır, gözündən qaçan qüsurlar qalır.

- Yox... Dincə qoyandan sonra özüm "özgə gözlə" baxa bilirəm...

- Məsələn kiçik bir dialoq diqqətimi çəkdi:

" - Nə əcəb camaat ev-eşiyini söküb aparmayıb?

- Ev-eşik təkərlidir ki, aparsınlar..."

- Burda sizi qane etməyən nədir?

- Mən bəzən çox xırdaçılıq edirəm, diqqət etdinizmi, əslində adam deyir "söküb aparmayıblar", lakin cavab verilir ki-"ev-eşik təkərli deyil ki"

Axı sualda "nə əcəb sürüb aparmayıblar?" deyilmir, "söküb aparmayıblar" deyilir

- Sizinlə razı deyiləm, adi və yerində olan dialoqdu... Təkər “aparmaq” sözünə cavabdı... Yəni evi uçurmaq olar, aparmaq olmaz... İstəsəniz lap lupa ilə baxın, mən mətnimdən arxayınam...

- Mətnlərinizə qarşı çox həssasınız...

- Başqa cür ola bilməz...Nəzərə alın ki, çap olunan hər bir mətn müəllifdən ayrılıb “öz həyatını” yaşayacaq... Belədirsə, gərək əsərinin sənsiz rahat yaşaya bilməsi üçün bəri başdan əzab-əziyyətə qatlaşmağı bacarasan...

- Mübariz bəy, iki qardaş, Sultan Eyyub məscidindən çıxıb qərara gəlirlər ki, daha doğrusu, kiçik qardaş istəyir ki, içsin, söhbətləşsinlər və bir sehrli restorana gedib çıxırlar...

- Elədi... Amma mənim yadımda qalan, o romandakı restoran dediyiniz yerdə sehrli-filan adına heç nə yox idi axı... Əksinə, əsərin o hissəsindəki hadisələr daha real bir təəsürat yaradırdı... Amma ola bilər, mən yanılılram, çünki çoxdandı – bəlkə də çap edildiyi vaxtdan – “Bənna”nı oxumamışam, yəni bu baxımdan, yaddaşım məni yarı yolda qoya bilər...

- Azərbaycan xalqının qədim rəvayətləri içində ən yayqın olanı cinlə bağlı, cin məclisiylə bağlı rəvayətlərdir. Bir az da dini xəbərdarlıq var, məsələn Allahın adı çəkilərsə aldanmaq mümkün deyilmiş... Məncə bu romanda bir "cin qonaqlığı" var, lakin o ikiqatlıdır, ordan başlayır ki, iki qardaş payız bezginliyində harasa getmək istəyirlər. İkinci qat, səyahətin içində gedib bir şərti məclisə düşürlər. Oranın təsviri hər nə qədər müasir olsa da, yaratdığı təsir rəvayətlərdən çıxıb gələn "cin məclisi"-dir...

- Özündən deməkdən zəhləm getsə də, yeri gəlibsə, xırdalamalıyam. Mənim keçən əsrdə yazdığım – həddən artıq qədim səslənmədi ki? – “Fraqmentlər” hekayəmdə sizin dediyiniz “cin məclisi” yerli-yataqlı təsvir olunub... Düsdü, orda söhbət tamam başqa məsələləri əhatə eləyirdi... Nə isə, siz yadıma saldınız, mən də sözgəlişi dedim...

- Aha...

- Həm də, məsciddən meyxanəyə gəlmək məsələsi...

- Aha. Bir neçə saat əvvəl ağacın sehrinə dalan, şam işığı və namaz ayininin sakitliyiylə Allahla təkbətək qalan adam bir neçə saat sonra “cin məclisi”-dədir, həmin o sehrli kəlmə yaddan çıxıb...

- İnsan xisləti...

- Lakin bir azdan biləcəyik ki, həmin bu unutqanlıq daha əvvəl başlayıb... Hər şey boşluqdir, yoxluqdur, olanlar olmayıbmış kimi görünür... Bütün əhvalat "cin məclisidir"...

- Bayaq dedim axı, "Bənna" da hər şey həm var, həm də yoxdu... İndi gəl bu əsəri təhlil eləməyə cəhd göstər... Əslində bu əsəri təhlil eləməyə cəhd göstərməklə, siz özünüzü – doğrusu, elə bəzən məni də - çətinə salırsınız...

- Mübariz bəy, bəlkə demək istəyirsiniz ki, gəlib düşdüyümüz bu aləm, bu yaşam, bu dünya, bu nəfs, iddia, canatmalar, hamısı əslində cin məclisidir, həqiqət, sizin də əvvəldə dediyiniz kimi, başqa yerdədir? Məsələn, usta Simnarın Neman üçün tikdiyi imarət yumrudur. Usta Tanrıyamı işarə edir?

- Siz elə sual verirsiniz ki, mənim dediklərim istər-istəməz özünü tərif kimi səslənə bilər. Yazıçının gücü məhz burdadır. “Bənna” coxqatlı və çoxşaxəli romandı, orda hər hazırlıqlı oxucu, necə deyim, oz ağlına uyğun olanı götürəcək... Məsələn, sizə bir ipucu da verim... Əsərdəki adlara fikir verin, sizcə bu elə-belə qoyulub? Mən öz əsərimdən danışmalı deyiləm, onu tənqidçilər(əgər varsa) təhlil etməlidi...

- Mübariz bəy, mən əslində təhlil etmirəm, bu oxucu -yazıçı dialoqudur, mən daha çox bu əsərin hekayəsini anlatmağımızı, əlbəttə ki, bu hekayətdən yola çıxıb bəzi mətləblərə yol açılmasını istəyirəm, bələdçi xəritəsi kimi...

- Yox, söhbət sizdən yox, məndən gedir... Yaziçi üçün əsərini “aydınlığa çıxarmaq” çətindir, o istəyir ki, bunu oxucu etsin...

- Mübariz bəy, ədəbiyyatda belə klişe ifadə var, "divardakı tüfəng"...

- Axırda hökmən açılmalıdı...

- Sizin divarınız çox zəngindir...

- Zəngin yox, sonsuz deyərdim, bəlkə də romanın daxili quruluşundan irəli gəlir bu. Qardaşın danışdığı hekayətlərə fikir verin, o hekayətlər bitmir, bəlkə də sonsuzacan davam eləyir... Bu baxımdan “Bənna”nı heç vaxt bitməyəcək roman hesab eləmək olar...

- Siz sanki divardakıların hamısından istifadə etmək istəməmisiniz... Suallar yaranır, oxucu maraqla gözləyir Yəni, bu bir yandan yazıçı bacarığıdır, oxucuya oxusunu saxlamağa, geri qayıtmağa imkan vermir. Lakin “silahların” çoxu divarda səssiz qalır. Bunu qəsdənmi belə etmisiniz?

- Səssiz qalmır, bütün sualların cavabı var, ancaq dərindədi, yəni nə qədər hazırlıqlısansa, nə qədər güclüsənsə - əlbəttə, söhbət zehni, daxili gücdən gedir - o qədər çox götürəcəksən...

- Məsələn oxucu düşünür, restorandakı qadının əhvalatını niyə oxudu? Minlərlə belə klişe söhbət var... Qızılgüllərin ətri... Məzarlıq... Briliant üzük...

- Bir ipucu da verim, qızılgülə xaçı da əlavə edin, əsərin lap əvvəlində...

- Demək istəyirsiniz ki, o usta məscid tikməyəcək? Həm İstanbulda Sultan Eyyub kimi bir məsciddən çıxıb Allahın qəzəbini unudan adam üçün son dayanacaq qızılgüllərin yanıdır

- Deyəsən, mən elə roman yazmışam ki, dialoqla iş aşmayacaq, ən azı, dəyirmi masa lazımdı. Siz elə düşünürsünüzsə, elə olsun, "Bənna”-da heç nəyə hökm vermək olmaz...

- Lakin hökm yoxdur...

- Yox, yəni adi bir cümlənin də yüz yozumu ola bilər...

- Siz demək istəyirsiniz ki, yazdıqlarınızın kodunu vermək istəmirsiniz, ya demək istəyirsiniz ki, o kod açıqdır, baxır oxucunun bacarığına?

- Sualınızın ikinci hissəsi ilə tam razıyam... Kod açıq deyil, amma mən rəqəmləri verən deyiləm. Bacara bilən buyursun...

- Ağac kultuna münasibətiniz necədir? Xüsusi bir inanc varmı?

- Mənim nəyəsə inanıb inanmamağım nəyi dəyişir ki?

- Romanda dialoq var, səssiz dialoq, ağacla...

- Unutmuşam...Yadıma salın mümkünsə...

- Siz Sultan Əyyubun həyətində ağacla dialoqa girən qardaşı təsvir edirsiniz, sonra, yuxuda itmiş kiçik qardaş həmin ağacdan çıxmış kimi görünür...

- Bildim...

- Bilirsiniz, qədim xalqlarda ağac-insan bağlılığına çox inanılıb. Məsələn "Qədir ağacı" ifadəsinin yaranması haqda əfsanələr...

- O romandakı ağac, məncə, daha dərin mətləblərdən xəbər verir... O səhnədəki başı fəsli cavanın dediyini yadınıza salın, üstəgəl qəhrəmanlardan birinin çaş-baş qalmasını... “Görərsiniz, bu ağac dünyanın axırınacan yaşayacaq...” O deyimdəki “görərsiniz” kəlməsi əslində çox mətləblərdən xəbər verir...

- Hər ölən igidin adına bir ağacın əkilməsi məsələsi...

- Bəli... Elə inanclar da olub...

- Bizdə uşaqlara deyilən bir ifadə də var:

- Hardan gəldim?

- Ağac koğuşundan çıxdın...

Romandakı səhnələri yazarkən bunlar yadınızdaydımı, ya dediyiniz kimi, özünüz də bilmədən yazmısınız? Əslində çox dərinə gedən xəttdir...

- Bilmədən elə şeylər yazmaq olarmı? Mənim dediyim başqa şey idi, yəni, yazının elə məqamı gəlir ki, fikir axını tamam başqa səmtə yönəlir...

- Mübariz bəy, qeyd etdiyiniz kimi, əsərinizin dərin, yəni "görünməyən tərəfi" hazırlıqlı, dərin məlumatlı oxucu üçündür. Adi oxucu üçün onun üzdə olan halını belə desək, "yumşaq dedektiv" kimi yazmaq bir üsuldurmu?

- Adi oxucu "Bənna"nı oxumasa yaxşıdı... Əlbəttə, bunu “candərdi” verilmiş cavab hesab etməyinizi istəməzdim. Həqiqətən elə yazılar var ki, onları başa düşməkdən ötrü çox mətləblərdən hali olmalısan...

- Usta Simnar bir ara çoban da olub. Bütün peyğəmbərlərin yolu bundan keçib..

- Ay sağ olun...

- Məqbərəyə gedən yolda maraqlı məqamlar var, məsələn Xanağa eşşəyi dəhmərləyir ki, özünü gərəksiz hesab etməsin... Bəhramın sürücüsü haqda dedikləri...

Necə deyərlər əsərin duzu-istiotu, hə?

- Bir də sağ olun... Onsuz əsər olmaz ki... nədən yazırsan yaz, bugünkü reallıqlar istər-istəməz o əsərdən boylanmasa, yazdığın natamam görünəcək...

- Mübariz bər, obrazlarda real insanlardan nəsə varmı?

- Şübhəsiz var... Ümumiyyətlə, nədən yazdığımdan asılı olmayaraq elə bir əsərim yoxdur ki, orda real obrazlar olmasın...

- Mənə həqiqətən maraqlıdır, çünki bu haqda heç nə bilmirəm-xəncərlər hardan gəlir?

- Qədimdən... Düzü, mən bu hissənin üstündən sakitcə keçmənizi istərdim, bu barədə danışmaq istəmirəm, çünki bu hissə haqqında məlumat versəm əsərin “şifrəsi” öz-özünə açıla bilər...

- Bəs bu mətndə kim kimin oğludur, kim kimin kimidir? Müəllif bilirmi, yoxsa özü də bunu tapmağa çalışıb?

- Əsərdə müəllifin bilmədiyi heç nə yoxdur və ola da bilməz... Oğlanlarla məsələ tam aydındı axı. Baxın, çoxşaxəli , çoxqatlı əsər budur. Suallara özünüz cavab tapmağa çalıışın. Di gəl, o sual cavablar da dəqiq olmaya bilər.

- Siz mətni qəsdənmi belə dolaşdırmısınız, qoy oxucu onu açsın, açsın, açsın və son qutudan heç nə çıxmasın... Lakin bir az da sehr qatmısınız ki, əsəri cəlbedici etsin, əslində heç bir sehr- filan yoxdur...

- Heç nə dolaşıq deyil, amma hər şey, bəzən adi görünən cümlələr belə sarmaşıq kimi bir-birinə bağlıdı, düşünürəm ki, hazırlıqlı oxucu labirintdən çıxış yolunu tapacaq...

- Əsərdə həm də bir zamansızlıq var, bəzən bunu qüsur tutarlar, lakin mən əslində zamanın gərəksizliyinə inanıram, çünki zaman özü ən böyük yalandır...

- Ola bilər... Bəlkə də gözlə görünən hər şey yalandır...

- Mübariz bəy, qədim mətnlərlə aranız necədir?

- Necə deyim... Normal...

- Qədim simvolların tarixi, mənası, dili.. Əfsanələr... Yəni, bu mətndən əvvəl müəyyən mənbələri çoxmu araşdırmısınız, ya elə şüur axınının gətirdiyi "vəhy"lə yazılıb? Çünki simvollardan bilərəkdən istifadə etdiyinizi deyirsiniz...

- Mən elə demədim... Amma bayaq dediyimi təkrar eləməyə məcburam ki, “Bənna” romanını yazanda heç bir plan-zad olmayıb...

- Amma bir yerdə dediniz ki, qızılgülə fikir verdinizmi, orda xaç da var-deməli bilirsiniz nə yazmısınız .Beşlıəçəkli qızılgül.. Obrazların adları, diqqət çəkən digər məsələ. Bunlar elə-belə məsələlər deyil...

- Əlbəttə, bütün ağlı başında olan qələm əhli kimi mən də bilirəm ki, nə yazmışam, amma heç nəyi qəsdən eləməmişəm, yazı tələb eləyib...

- Hazırlıqlı oxucu bunlara mütləq diqqət edəcək, maraqlanacaq, lap elə adi oxucunun da marağı yarana bilər, məsələn, mən düşünürəm ki, xəncərlərlə bağlı sizdən öyrənə bilmədiyim şeyləri araşdırmalıyam, diqqətimi çəkib...

- O hissəni araşdıra bilsəniz, o qapını aça bilsəniz digər qapılar az qala öz-özünə açılacaq...

- Amma siz sirr vermirsiniz...

- Mən mətni yazmışam, onu açmaq mənim işim deyil...

- Bilmək istərdim, "Bənna " romanının yaradıcılığınızdakı, həyatınızdakı, lap elə yuxularınızdakı yeri nədir?

- Yazdığım romanlardan biridir...

- “Bənna” doğma mətn deyilmi?

- Mən yazdıqlarımı ögey-doğmaya ayırmıram, amma belə deyək, “Bənna” romanı mənə çox yaxın mətndi, o qədər yaxındı ki, üstündən örtüyü götürmək istəmirəm...

- Yazıçının bunu öz əsərindən duymasını anlamaq gözəldir hər halda...

- Razıyam...

- Bənnanı çap olunduqdan sonra da oxumusunuzmu? Əksər yazıçılar çapdan sonra mətnlərini oxuya bilmədiklərini deyirlər...

- Çap olunandan sonra adətən əsərlərimi oxumuram,amma hərdən adda-budda baxıram...

- Romanın sonu açıq qalır, bəlkə bu bilərəkdən növbəti romana yol saxlamaqdı?

- Yox, növbəti romanımla "Bənna"nın sonluğunun əlaqəsi yoxdu, zənnimcə, sonluq açıq qalmır, saysız-hecabsız yol ayrıcında bitir...

- “Stəkan aşdı, amma onun içi boşdu”. Sonluq...

- Ay sağ olun... Amma yox... Əsərə diqqətlə baxın, sonluq xəstə qardaşın bitməyən hekayətlərinin davamıdır...


Müəllif: Hədiyyə Şəfaqət

Oxşar xəbərlər