Teleqraf.com Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurla müsahibəni təqdim edir.
- Əli bəy, aktyor kimdir?
- Konstantin Stanislavski deyirdi ki, teatrın sonuncu imperatoru aktyordur. Ona görə ki, axıra qədər tamaşaçı ilə üzbəüz o qalır. Deməli, teatrın siması da aktyordur. Ancaq ümumi götürəndə teatrın yaradıcısı rejissordur. Müəllifi, aktyor heyətini, bəstəkarı, tamaşanın bütün ideyasını rejissor təyin edir.
- Bəs teatr nədir?
- Ulu öndərin bir sözü var idi. O deyirdi ki, mən gəncliyimdə ən gözəl tərbiyəni, ideyanı teatrdan almışam. Yəni teatr elə bir yerdir ki, burda hər şey var, öyüd, nəsihət, paklıq, təmizlik. Cəfər Cabbarlı deyirdi ki, teatra məktəb demək olar, ancaq o sənət məbədi kimi daha yüksəkdədir. Teatr tamaşaçı səviyyəsinə düşməməlidir, əksinə, tamaşaçını öz səviyyəsinə qaldırmalıdır.
- Bu gün teatrlarımız bunu bacarırmı?
- Zəif tamaşanı, zəif truppanı tamaşaçıya sırımaq cinayətdir. Qətiyyən olmaz.
- Varmı belə teatrlar? Məsələn, Akademik Milli Dram Teatrında belə tamaşalar olurmu?
- Var, belə tamaşalar hər yerdə, hər teatrda var, həmçinin də Akademik Milli Dram Teatrı.
- Bu kimlərin günahıdır?
- Kimlərsə günahkardır. Bilirsiz, teatr çox müqəddəsdir. Teatr milli dəyərimizdir. Onu qorumaq lazımdır.
- Akademik Milli Dram Teatrında kimlər olmamalıdır?
- Akademik Milli Dram Teatrının öz tələbləri var. Burda hündür boylu, yaraşıqlı aktyorlar olmalıdır. Aristotel deyirdi ki, orta boylu qadınlar şirin, zərif ola bilərlər, ancaq gözəl sayıla bilməzlər. Gözəllik hündür boylu qadınlara aiddir. Stanislavskinin də fikri belə idi ki, Akademik Teatrda çalışan aktyorların boyu 1.70 sm-dən yuxarı olmalıdır.
- Bu məsələlərə kim nəzarət etməlidir?
- Mən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində çalışdığım vaxtlarda qəbul komissiyasına da daxil idim. Orada olarkən Məleykə Abbaszadəylə görüşdə ayağa durdum və bir başa dedim ki, incəsənət gözəllik haqda elmdir. Siz başda Akademik Milli Dram Teatrı olmaqla bütün teatrları məhv etmisiz. Soruşdu ki, niyə? Dedim, ona görə ki, mən hər il aktyorluq fakultəsinə yaraşıqlı, səsi yerində olan oğlanlar, qızlar seçirəm, dərslər başlayır, auditoriyaya girəndə görürəm ki, bazarda turşu satmağa layiq olmayanlar əyləşiblər. Onlardan nə aktrisa, nə də aktyor olacaq. Onları heç səhnəyə də buraxmaq olmaz. Alim Qasımov riyaziyyatı bilməsəydi, xanəndə ola bilməzdi? Ya riyaziyyatı bilmədiyinə görə universitetə qəbul etməyəcəkdiz?
- Sizcə, teatrların inkişafına mane olmaq istəyənlər varmı?
- Bilirsiz, mən bir az başıbəlalı adamam. Danışıram, sonra hamı başlayır üstümə gəlməyə. İstedadlı aktyorlar, aktrisalar teatra gəlir, 150-200 manat maaş alırlar. Onlar bu maaşla necə işləyə bilərlər axı? Tüpürüb çıxıb gedirlər. Kimlərsə 20 min manata maşınına nömrə alır, aktyorlar isə 200 manat maaşla dolanır, belə şey olar?
Millət üçün, xalq üçün, dövlət üçün yaşamaq lazımdır. Dünyanın hər yerində teatrın yaranması, yaşamağı üçün əlindən gələni edən insanlar var. Məsələn, Yaponiyada “Kabuki” adlı teatr var. Bu teatrı yaradan Kabuk adlı rəqqasə xanım idi. Təsəvvvür edin ki, fahişəlik edib pul qazanırdı və bu pulları teatrın yaranmasına xərcləyirdi. Onun nəticəsidir ki, 2008-ci ildə kabuki teatr sənəti YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilib.
- Siz həm də Sumqayıt Dram Teatrında çalışmısız. Müqayisə etsək, hansı teatr sizin üçün daha uğurlu olub? Sumqayıt Dram Teatrı, ya Akademik Milli Dram Teatrı?
- Məni Sumqayıta Ağakişi Kazımov aparmışdı. Baş rollar üçün ona aktyor lazım idi və məni bu niyyətlə aparmışdı. 1986-cı ildə isə Akademik Milli Dram Teatrının o vaxtkı direktoru Əli İsmayılov dedi ki, mən səni 10 ildir izləyirəm. Əmrimi aldı və Akademik Milli Dram Teatrına gətirdi. Burda müəyyən söhbətlər var idi, istəmirəm deyəm, təvazökarlıq yaxşı şeydir. Ancaq gərək insan vaxtında qiymətləndirilə.
- Sumqayıt Teatrında direktor da olmusuz. Orda direktor olmaq yaxşı idi, ya Akademik Milli Dram Teatrında aktyor olmaq?
- Mənim üçün Sumqayıtda aktyor olmaq da direktor olmaqdan şərəflidir.
- Bura gələndən sonra peşman olmadız ki, kaş elə Sumqayıtda direktor qalaydım.
- Yox. Məni bura ağ atın üstündə gətirdilər. Mənə elə vədlər, elə sözlər verdilər ki, indi istəmirəm açıqlayım.
- Çox güman ki, fəxri adlar və ev məsələsi olub.
- Bəli. Mən 14 mərtəbəli binada öz evimi aktyor Hacı Xəlilova vermişdim. Mənə dedilər ki, 6 aya bütün problemlərin həllini tapacaq. Elə oldu ki, zaman keçdi, direktor dəyişdi, aləm dəydi bir-birinə.
- Karyeranıza nəzər salanda özünüzü uğurlu aktyor hesab edirsizmi?
- Əlbəttə. Tamaşaçılar məni çox sevir. Avtobusda, metroda qabağımı kəsib öz sevgilərini bildirirlər. “Poladəridənlər” tamaşasına görə Pyotr Niloviç Demiçev məni teleqramla təbrik etmişdi. Moskvada mənim məsələm qoyulmuşdu. Həmin vaxt sübut olunub ki, SSSR Dövlət Mükafatını mən almalıyam və 2 iyun 1981-ci ildə “Sovetski kultura” qəzetində bu xəbər rəsmən dərc olunub. Eyni zamanda bütün jurnallar, qəzetlər bu haqda yazıblar.
- Hər aktyorun karyerası boyunca möhür vurduğu ən azı bir obrazı olur. Sizin bu obrazınız hansıdır?
- Mən Cəfər Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində öz taleyimi oynamışam. Hər il Cəfər Cabbarlının anım günlərində həmin tamaşanı kanallarda göstərirlər.
- Kino karyeranız niyə uğurlu olmadı?
- Cavan vaxtlarımda çox özündənrazı idim. Bilirsiz, məni nə qədər filmə dəvət edirdilər? Həsən Seyidbəyli məni “Babək” filminə baş rola dəvət etmişdi. Gəlib kinostudiyanın həyətində bir daşın üstündə oturmuşdum. Bir də gördüm həyətə çıxıb qışqırdı ki, hanı Sumqayıtın aktyoru? Bu dəqiqə yanıma gətirin. Lazım olsa, maşınla gedin. Mən də çox utancaq idim, astadan dedim ki, Həsən müəllim, mən burdayam. Dedi, a bala, mən bir saatdı səni gözləyirəm, niyə gəlib özünü təqdim etmirsən? Əgər filmi Eldar Quliyevə verməsəydilər, Babəkə mən çəkiləcəkdim.
Rol təklif edirdilər, ssenariyə baxırdım, deyirdim, mənlik deyil. Kinoda uğursuz olmağım isə həm öz günahımdır, həm də rejissorların.
- Mütaliəni sevirsiz?
- Əlbəttə ki, çox sevirəm. Mən bəzən elə şeylərdən danışıram ki, sonra mənə yaxınlaşıb deyirlər, bu qədər məlumatı hardan bilirsən? Biz qastrollara gedəndə, rəhmətlik Səyavuş Aslan şəxsi maşını ilə gedərdi. Məndən xahiş edirdi ki, onunla qayıdım və yol boyu ona din haqda, islam haqda söhbətlər edim. Mən danışdıqca o ağlayardı.
- Bəxtiyar Vahabzadənin “Fəryad” pyesi əsasında hazırlanmış tamaşada “Nəsimi”ni oynamısız. Nəsiminin dinlərə, Allaha və islama yanaşması fərqli idi. Bunu tam mahiyyəti ilə dərk edə bilirdizmi?
- Nəsimi Allahın xüsusi seçdiyi bəndələrdən idi. Bir növ vergi verilmiş kimi də hesab etmək olar. Zamanında çox əziyyətlərə qatlaşıb. Haqqında yanlış təsəvvür, yalan məlumatlar yayıblar. Mollalar imkan vermədi ki, o rahat yaşasın, rahat nəfəs alsın. Təsəvvür edin ki, Quran ayələrini Nəsiminin başmağının altına yapışdırdılar, gəldilər sultana dedilər ki, Nəsimi kafirdir. Sultan inanmadı. Dedilər ki, o quran ayələrini tapdayır, ayağı altına atır. Nəsimini onun yanına gətirdilər və sultan Nəsimiyə sual verdi, Qurani-Kərimi ayaqlar altına atan adamın cəzası nədir? Nəsimi cavabında dedi ki, elə adam üçün ölüm cəzası da azdır, onun dərisini soymaq lazımdır. Sultan əmr verdi ki, Nəsiminin başmağına baxsınlar. Baxdılar ki, Quran ayələri var. Nəsimini beləcə öldürtdülər. Filmdə bu səhnələr yer almayıb.
Bu gün də bəzi mollalar bu ənənələri davam etdirir. İnsanları cəhalətə aparırlar.
- Müasir yazarlardan kimləri oxuyursuz?
- Daha çox klassik poeziyanı sevirəm.
- Kitab çap etdirmək fikriniz varmı?
- Hazırda böyük musiqiçi alim Əbdülqadir Marağayi haqda elmi iş yazıram. Çox qeyri-adi adam olub. Təəssüflər olsun ki, onun haqda insanların məlumatı yoxdur. Bu haqda bildiklərimi mütləq yazacağam.