30 Oktyabr 2021 21:47
2 199

Bu gün “De Media” qrupu tərəfindən hazırlanan Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun döyüş və həyat yoluna həsr olunmuş “Cəbi” sənədli filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimatda şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və tanınmış media nümayəndələri iştirak ediblər.

40 dəqiqəlik sənədli filmdə Sübhan Cəbrayılovun həyat və döyüş yoluna aid görüntülər öz əksini tapıb.

Qeyd edək ki, filmin bədii rəhbəri "De Media" qrupunun rəhbəri Bahadur Seyidovdur.

Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.

2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib.

"Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhid Sübhan Cəbrayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Müəllif: Teleqraf.com