Avstraliya alimləri kənd təsərrüfatı üçün robot çobanın ilk uğurlu çöl sınaqlarını keçiriblər. Bu barədə robotu hazırlayan Sidney Universiteti nəzdində Avstraliya Səhra Robot Texnikası Mərkəzinin (ACFR) məlumatında deyilir.
Teleqraf.com "ICTnews"-a istinadən xəbər verir ki, layihə rəhbəri Salah Sukkarehin sözlərinə görə, "SwagBot" adlanan robot, demək olar, istənilən yerdə hərəkət edə bilir. O, gücləndirilmiş sukeçirməz şassiyə malikdir və dörd təkəri fırladan elektromotorla işə salınır.
"SwagBot" fermerlərə müxtəlif işləri görərkən - ilk növbədə mal-qaranı otaranda kömək üçün nəzərdə tutulub. Hazırda robot heyvanları yalnız real vaxt rejimində müşahidə edə bilir, lakin mütəxəssislər onun maksimal funksionallığı üçün hansı ötürücülərə malik olması məsələsini öyrənirlər.
Nəzərdə tutulan vəzifələr arasında mal-qaraya nəzarət, onların sağlamlığının monitorinqi (bədənin temperaturunun ölçülməsindən tutmuş, nəcis nümunələrinin götürülməsinədək), biokütlə sayının ölçülməsi və hətta cərgəarası alaqetmə nəzərdən keçirilir. Bundan başqa, robotdan yük qoşqusu üçün dartıcı kimi istifadə etmək olar.
S.Sukkareh bildirib ki, robot üzərində iş bundan sonra minimum iki il davam edəcək. Bu müddət ərzində kollektiv robotu daha universal və avtonom etməyə çalışacaq. Alim onu da qeyd edib ki, robotun adı Avstraliya-Yeni Zelandiya fermalarında günəmuzd fəhlələrin adlandığı "swagmen" sözündən götürülüb.