Bu gün 31 Mart- Azərbaycan türklərinin soyqırımı günü İstanbulda anılıb.
Teleqraf.com xəbər verir ki, İstanbul Azərbaycan Kültür Evinin təşkil etdiyi tədbirdə 99 il öncə Bakıda və Azərbaycanın digər şəhərlərində ermənilərin törətdiyi vəhşiliklər həmyerlilərimiz və tədqiqatçılarımız tərəfindən xatırlanıb.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlanıb.
İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp soyqırımının tarixi haqqında məlumat verib, bu gün də eyni problemlərlə üzləşdiyimizi bildirib: “Biz hələ də Qarabağ məsələsində bu işğala dəstək verən ölkələrin yaratdığı Minsk qrupuna etimad edirik. Bu gün Kərkükdə də eyni hadisələr davam edir. Orada sırf türk kimliyinə görə insanlarımız əzilməkdədir”.
Daha sonra İAKE-nin Gənclər qolunun başqanı Dilbər Coşqunsoy soyqırımı haqqında təqdimat edib, ardınca müzakirələr başlayıb.
Beynəlxalq münasibətlər üzrə ekspert Gülarə Yenisey bildirib ki, 31 mart hadisələri xatırlanarkən xalqımızın əzik, yazıq göstərilməsinin qarşısını almalıyıq: “Biz dünyaya ədalət, güc bəxş edən bir millətin övladlarıyıq. Tariximizi bilməliyik, bunlardan dərs çıxarmalıyıq, amma inilti halına gətirməməliyik”.
Daha sonra G.Yenisey 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən etibarən regionda baş verən hadisələr haqqında məlumat verib.
Tədqiqatçı Cumhur Turan Azərbaycan mühacirlərinin Türkiyədə bolşevizmə qarşı sərt mübarizə aparmalarının bir səbəbinin də məhz 31 mart hadisələrinə şahid olmaları ilə əlaqələndirib: “31 mart tarixinin ucu açıqdır. Bir daha bu hadisələrin baş verməməsi üçün millət olaraq birlik içində olmalıyıq”.
Tədbirdə iştirak edən Güney Azərbaycanlıları təmsil edən tədqiqatçı-alim Rza Talebi Urmuda türklərə qarşı törədilən soyqırımının tarixindən danışıb, Təbrizin önəminə diqqət çəkib: “Türkçülük nə zaman Təbriz mərkəzli olsa, türk dünyası o zaman güclənəcək. Necə ki, zamanında bütün güclü türk dövlətləri Təbrizdə formalaşıb”.
Tədbirdə İAKE-nin idarə heyətinin üzvləri Umut Mihmandarlı, Zergün Çapan, “Serhat Kültür” dərgisinin baş redaktoru Cafer Akyol, eləcə də, İstanbulda təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.
Dilqəm