14 İyul 2017 16:37
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 16-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasını nəzərdən keçirəcək.

Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir.

Qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.

Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı hücum hazırlanmasını müəyyənləşdirmək və dəf etmək, hər iki ölkənin dövlət sərhədinin quru hissəsini qorumaq, hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək, hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir.

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur. Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur.

Rusiya və Ermənistanın birgə ordu qruplaşması yaratması və əsas məqsədin Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsi məsələsini Teleqraf.com-a şərh edən Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib ki, Rusiya və sülh bir-birilə tərs mütənasib anlayışdır. Onun sözlərinə görə, Rusiya olduğu yerdə adətən sülh olmur.

Deputat əlavə edib ki, hərb bir dövlətin suveren hüququ var ki, istədiyi dövlətlə hansısa formatda əməkdaşlıq etsin: “Əlbəttə, Ermənistan Gürcüstan üçün dost və qonşu dövlətdir. Gürcüstanın Milli Təhlükəsizlik Doktrinasına görə, Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Ancaq Ermənistan Gürcüstan üçün dost və qonşu ölkədir. Bu vaxta qədər Ermənistanın Rusiya ilə müxtəlif formatlarda əməkdaşlığı olub və biz buna anlaşılan yanaşmışıq. Lakin söhbət ordudan, qoşundan gedirsə, nəzərə almaq lazımdır ki, Qafqaz kövrək regiondur. Burada qüvvələr balansı, sülh tarazlığı hər an pozula bilər. Belə şəraitdə kənar hərbi qüvvənin regionda iştirakı arzu edilən deyil. Biz ən azından belə hallara ehtiyatla yanaşmalı, diqqətli olmalıyıq. Mən bu məqamı dərindən bilmirəm. Lakin Cənubi Qafqazda söhbər əlavə hərbi qüvvədən və əməkdaşlığdan gedirsə, region ölkələri bunun fərqinə varmalıdır. Ümumilikdə belə proseslər regionumuz üçün yaxşı heç nə vəd etmir”.


Müəllif: Cavad

Oxşar xəbərlər