Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birincı xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişilməz saxlaması üçün əlindən gələni edir və danışıqlardan yayınır: "Ermənistan 24 ildir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrə məhəl qoymur və buna görə heç bir məsuliyyət daşımır".
Azərbaycan Prezidenti bildirib ki, Ermənistan status-kvonun dəyişilməz saxlanılması üçün əlindən gələni edir, halbuki ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bunun qəbuledilməz olduğunu söyləmişdilər.
Dövlət başçısı vurğulayıb ki, təcavüzkar Ermənistanın hərəkətlərinə beynəlxalq təzyiqin olmaması ikili standartların təzahürüdür.
Sessiyada çıxış edən Finlandiya Prezidenti Sauli Niinisto terrorizmlə mübarizənin ümumi prioritet olduğunu deyib, dünyada gedən demoqrafik proseslərdən danışıb. O, ətraf mühitin qorunmasının, bərpa olunan enerji mənbələrinin və gender bərabərliyinin əhəmiyyətinə toxunub.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxışında qeyd edib ki, beynəlxalq birlik terrorizm və ekstremizm ilə mübarizədə daha fəal olmalıdır, yalnız bu halda bu təhdidlərin qarşısını almaq mümkündür. O, regional inteqrasiya, iqlim dəyişikliyi, dayanıqlı inkişaf üçün biosferin qorunmasının vacibliyindən danışıb.