7 Dekabr 2017 08:42
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, Yeni Qüvvələr Hərəkatı Partiyasının sədri Mixail Saakaşviliyə dünyada, o cümlədən Azərbaycanda böyük simpatiya var idi. Çünki Gürcüstanda çox ciddi islahatlar həyata keçirmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Ancaq o qeyd edib ki, M.Saakaşvilinin Ukraynadakı son fəaliyyəti bir qədər dağıdıcı fəaliyyətdir və sanki Rusiyanın da maraqlarına xidmət edir:

“Belə ki, Saakaşvili Prezident Petro Poroşenkoya qarşı çıxır, dövlətin sütunlarını laxladır. Bu Rusiyanın da maraqlarına cavab verir”.

Müsahibimiz bildirib ki, rusiyalı strateqlər Ukraynada daxili sabitliyin pozulması məsələsinə lap əvvəldən bu ölkəyə hibrid təcavüzün bir aləti kimi baxıblar:

“Kreml yönümlü qüvvələr qeyri-sabitliyi Ukraynada hakimiyyətə gəlməyin yeganə vasitəsi kimi nəzərdən keçirirlər. Bu mənada Mixail Saakaşvili siyasi mübarizənin çərçivəsindən kənara çıxır və Moskvada yazılmış ssenarinin elementinə çevrilir”.

E.Şahinoğlu əlavə edib ki, Saakaşvilinin hərəkətləri təkcə P.Poroşenkonun deyil, Ukrayna dövlətinin imicinə zərbədir:

“Məndə belə bir fikir yaranır ki, təhlükəsizlik qüvvələri və polis Saakaşvilini həbs etməyi həqiqətən istəyirlərmi? Gələn il Ukraynada prezident seçkisi keçiriləcək və Daxili İşlər naziri Arsen Avakovun kimi dəstəkləyəcəyi məlum deyil. Odur ki, Saakaşvili və Poroşenko arasındakı konflikt ola bilsin, Avakovun əlinə oynayır. Ancaq təkcə onun yox”.

Analitik qeyd edib ki, M.Saakaşvilinin sentyabrın 10-da Ukrayna sərhədini qanunsuz keçməsindən bu yana bütün fəaliyyəti ölkədə gərginlik yaradılmasına xidmət edir:

“Saakaşvili Ukrayna vətəndaşlığına bərpa olunması üçün hüquqi müstəvidə iş aparılmasından şüurlu şəkildə imtina etdi. Hərçənd ki, bunun üçün bütün imkanlara malik idi. Əvəzində açıq qarşıdurma yolunu seçərək nümayişkəranə çıxışları ilə mövcud hakimiyyəti devirməyə çağırışlar etdi. Bunda da məqsəd cəmiyyətdə gərginliyin dərəcəsini artırmaq idi”.

Bununla belə, E.Şahinoğlu Ukraynada islahatlarla bağlı vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb:

“Başa düşürəm, Ukraynada çatışmazlıqlar çoxdur. Amma yenə deyirəm, Saakaşvilinin son fəaliyyəti təkcə Poroşenkoya qarşı deyil, o, Ukrayna dövlətinin sütunlarını da zəiflədir. İki dəfə məhkəməyə çağrılıb, hər ikisində bundan boyun qaçırıb, müqavimət göstərib. Bu da ölkənin hüquq sisteminə böyük zərbədir. Ona görə getdikcə vəziyyət gərginləşə bilər. Ukraynada vəziyyətin gərginləşməsi də onun düşmənlərinin maraqlarına cavab verir”.

Siyasi şərhçi Ukrayna hüquq-mühafizə orqanlarının istintaqın nəticələrinə, o cümlədən M.Saakaşvili ilə sabiq prezident Viktor Yanukoviç ailəsinin odioz “pul kisəsi” Sergey Kurçenko arasında olan audio-videosübutlara istinad etdiklərini vurğulayıb:

“Ukraynada vəziyyətin nizamlanması yeganə vasitə olaraq qalır. Mənim səsləndirdiyim bu fikirlərin bir çoxu rəsmi Kiyevin proseslərə dair münasibətinin ifadəsidir. Bunlarla razılaşa və razılaşmaya bilərik. Ancaq bir şey mənə aydındır ki, Saakaşvili Gürcüstanda islahatçı idisə, Ukraynada dağıdıcı rol oynayır. Düzdür, Ukrayna siyasi elitası ideal deyil, korrupsiya qalmaqdadır. Ancaq vəziyyətin gərginləşdirilməsi Moskvanın əlinə oynayır. Bir maraqlı detalı misal çəkmək istəyirəm. Rusiya televiziyaları, o cümlədən dövlət televiziyaları son vaxtlaradək Mixail Saakaşvili barədə təhqiramiz məzmunda reportajlar verirdilər. Amma son aylar Saakaşviliyə toxunmurlar və onun Ukraynadakı fəaliyyətindən öz məqsədləri üçün istifadə edirlər. Sanki onun fəaliyyəti Rusiyanın da maraqlarına cavab verir. Bu baxımdan Ukraynada son günlər baş verənlərin kimə sərf etdiyi sualı açıq qalır”.


Müəllif: Səxavət HƏMİD