Teleqraf.com Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun APA-ya müsahibəsini təqdim edir:
- Yola saldığımız 2017-ci ili necə qiymətləndirirsiniz?
- 2017-ci il müstəqil Azərbaycanımızın tarixində növbəti şərəfli səhifə oldu. Bu il ərzində Azərbaycanda dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və xalqın maddi rifah halının yaxşılaşdırılması ilə bağlı böyük hadisələr yaşandı. Dünya, yaxın, ətraf və uzaq ölkələr gözümüz önündədir, artıq hər kəs informasiya vasitələri sayəsində baş verən hadisələri görür və qiymətləndirir. Böyük uğurlara nail olan Azərbaycana qonşu, tərəfdaş və dost ölkələr üçün də 2017-ci il uğurlu il kimi qiymətləndirilə bilər.
Müstəqilliyimizin ilk, fəlakətli illərində Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi, Naxçıvanı bəlalardan, işğaldan qorudu. Daha sonra Heydər Əliyev xalqımızın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə gəldi. Bu, tarixi bir səlnamədir. Heydər Əliyev məharəti, siyasi təcrübəsi, təmkini, xalqımıza və torpağımıza böyük sevgisi, məhəbbəti ilə Azərbaycanın müstəqilliyinin əbədi, daimi və uğurlu olması üçün böyük bir yol kəşf etdi. Heydər Əliyev ömrünün ən kamil çağlarında 10 il bu yolu davam etdirdi və bu yolu qabiliyyətli, Azərbaycan xalqının böyük rəğbət və inam bəslədiyi prezident İlham Əliyevə həvalə etdi. Prezident İlham Əliyev 14 ildir, bu yolu uğurla davam etdirir. Ötən 14 ilin hər biri Heydər Əliyevin açdığı uğurlu yolun davamı kimi xalqımıza böyük uğurlar bəxş edib, müstəqilliyimizin əbədi olmasına, xalqımızın rifah halının yüksəlməsinə öz töhfəsini verib. Bu 14 ilin hər biri öz xüsusiyyəti ilə tarixə yazıldı. Bu illər ərzində Azərbaycan iqtisadi cəhətdən inkişaf etdi, maddi, mənəvi sərvətləri artdı, dünyada tanınan möhtəşəm bir dövlətə çevrildi.
- Bu günlərdə yola salacağımız 2017-ci il də özünəməxsus çalarları ilə yadda qaldı. Heydər Əliyevin açdığı yolun fundamentində, əsasında nə dururdu?
- Bu yolun əsasında duran bu idi ki, Azərbaycan müstəqil dövlət olaraq xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirsin. Yəni bu xalqın özünə məxsus nələri varsa, bu keyfiyyətləri əxz etsin. Heydər Əliyev hələ Naxçıvanda olarkən bu yolun iqtisadi cəhətlərini kəşf etmiş və tətbiq etmişdi. Başqa sözlə, SSRİ-nin tərkibindən və kommunizmin təsirindən çıxandan sonra yeni yol açılmalı idi. Heydər Əliyev o yolu kəşf etdi. O yol xalqın milli-mənəvi sərvətlərini özünə qaytarmaq, bu sahədəki problemləri aradan qaldırmaqdan başlayırdı. Heydər Əliyev Naxçıvanda olduğu qısa müddətdə Naxçıvanı işğal fəlakətindən qurtardı. Bu, böyük, qlobal məsələ idi. Eyni zamanda həmin dövrdə ağır sosial-iqtisadi durumda olan Naxçıvanın problemlərinin həlli istiqamətində böyük işlər gördü, qonşu dövlətlər olan Türkiyə və İranla əlaqələri inkişaf etdirdi. Beləliklə, blokadada olan muxtar respublikanı böyük fəlakətlərdən qurtardı. İkincisi, Heydər Əliyev Naxçıvanda xalqımızın mənəvi dəyərlərinin qorunması və inkişafını təmin etdi. Söhbət mənəvi, dini, mədəni və məfkurəvi dəyərlərdən gedir. Naxçıvanda məscidlərin tikintisi elə o dövrdən başladı. Xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev 10 il ərzində dövlətimizə rəhbərlik etdi, həmin yolu Azərbaycan miqyasında tətbiq etdi, bunu öz şəxsi fəaliyyəti ilə ortaya qoydu. Azərbaycanın hər yerində dini məbədlər, məscidlər bərpa edilərək xalqın istifadəsinə verildi. Bu, bir yol idi. Bu yol bu günə qədər də davam edir. İndi Azərbaycana xarici ölkələrdən gələn müsəlmanların və digər dinlərin təmsilçilərinin həm də ibadətlərini yerinə yetirmələri üçün ölkəmizdə hər cür şərait var. Azərbaycanda məscidlərin sayı o dövrdən indiyə qədər 50-60 dəfə artıb. Bu, həm də xalqımızın mənəvi dəyərlərinin bərpası idi.
Heydər Əliyev Azərbaycan tarixindəki işıqlı insanları, ziyalıları, incəsənət, ədəbiyyat və elm xadimlərinin hər birini qiymətləndirərək onların yubileylərini keçirdi, əsərlərinin yenidən çapını təmin etdi. Bu istiqamətdə ulu öndərin böyük xidmətləri oldu, həmin böyük şəxsiyyətlərə soyuq, mənfi münasibətləri aradan qaldırdı. Bu gün əldə olunan nəticə odur ki, prezident İlham Əliyev tərəfindən bu yol daha uğurla davam etdirilir. Diqqət tək maddi-mənəvi sərvətlərimizin mühafizəsi, bərpası yox, həm də bu sahədə yeni bir sistemin yaradılmasına yönəldi. İndi Azərbaycanın elə bir kəndi yoxdur ki, orada məscid olmasın.
- Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi İli” elan edildi. “İslam Həmrəyliyi İli” ilə bağlı təəssüratlarınız necədir?
- Xalqımızın mənəvi tələbatının ödənilməsi ilə bağlı işlər görülməsəydi, belə cəsarətli addım atmaq olmazdı. Dünyada İslam ölkəsi çoxdur, on, yüz milyonlarla əhalisi olan İslam ölkələri var. Amma Azərbaycan cəsarət edib, bu ili “İslam Həmrəyliyi İli” elan etdi. 2017-ci ilin ən uğurlu məqamlarından biri də məhz budur. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər bu sahədə mühüm rol oynadı.
Bu gün Azərbaycanda tək-tük kənd qalıb ki, orada yeni məktəb binası tikilməsin. Məktəb bilik ocağı, gənc nəslin sabahının, gələcəyinin başladığı məkandır. Tədris prosesinin müasir səviyyədə qurulması üçün məktəblər müasir avadanlıqlarla təchiz olunub. Bu il xüsusən daha çox sayda xəstəxana, idman sağlamlıq mərkəzi, o cümlədən məscid, dini məbədlər tikilərək xalqımızın istifadəsinə verilib. “İslam Həmrəyliyi İli” çərçivəsində bir multikultural təcrübə ortaya qoyuldu. Azərbaycanda multikultural bir yaşam tərzi var, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri bir-birinə hörmətlə yanaşırlar. Din xadimləri əsas qayə - insana xidmətlə məşğuldurlar. Multikulturalizmin də mahiyyəti insana, onun yaşamına, gələcəyinə xidmətdir. Multikulturalizm insanın mənəvi və maddi durumunun yaxşılaşmasına xidmət edən birgəyaşayış sistemidir. Multikulturalizm və İslam həmrəyliyi, dinlərarası həmrəylik Azərbaycan prezidentinin ortaya qoyduğu qlobal məsələ idi. İl ərzində həm ölkəmiz daxilində, həm də xaricdə mötəbər tədbirlər keçirildi. Bu tədbirlər qlobal müstəvidə böyük məna kəsb edir. Bu günlərdə də “İslam Həmrəyliyi İli” çərçivəsində 50-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə böyük tədbir təşkil olundu.
Heydər Əliyevin rəhbərlikdə olmadığı müstəqilliyimizin ilk, qarışıq illərində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 20 min şəhid vermişik. Torpaqlarımızın işğal edilməsi nəticəsində meydana çıxan 1 milyondan çox qaçqın və məcburi köçkünlərin problemləri ilə bu günə qədər də məşğuluq. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərini həll etmək asan məsələ deyildi. Bu istiqamətində görülən işlər çox böyük miqyasdadır. Bu il bu çərçivədə daha böyük işlər görüldü.
Dünyanın şərqində, qərbində, şimalında, cənubunda insanlığa xas olmayan proseslər gedir. Milli-etnik toqquşmalar, dövlətlərin qarşıdurması, müharibələr insanın qəlbini ağrıdır. Allahın yaratdığı heç bir bəndə müharibə istəmir. Ancaq həyata keçirilən siyasət səhv olanda, yalnız öz iqtisadi maraqlarını güdən ölkələrin fəaliyyəti öndə olanda nələrin baş verdiyi gözümüz önündədir. Milyonlarla insan qaçqın və məcburi köçkün durumuna düşüb, dənizlərdə qərq olur. Ölkələrində müharibədən, fəlakətdən, dənizlərdə qərq olmaqdan can qurtarsalar da, sonradan həyatlarını təmin etmələri, iş tapmaları böyük bir problemə çevrilib. Belə bir vəziyyətdə Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür. Çünki Azərbaycan bu sahədə bir nümunədir və bu il ərzində görülən işlər də bunu göstərdi. Azərbaycan nümunə göstərir ki, işğala son qoyulsun, problemlər sülh yolu ilə həll olunsun. Baxmayaraq ki, torpaqlarımız 25 ildən artıqdır işğal olunub, yenə də çağırışımız budur ki, torpaqlarımız sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq azad olunsun. Yoxsa güclü xalqımız, güclü iqtisadiyyatımız, qüdrətli ordumuz var və çox qısa müddətdə bu məsələni hərbi yolla həll edə bilərik. Amma prezidentimizin apardığı siyasət ondan ibarətdir ki, bir gənc, bir ahıl, bir körpə, kim olursa olsun, insanlarımızı sevirik, qayğısına qalırıq, xoşbəxtliyini istəyirik.
Bu il Azərbaycanla turizm sahəsində də nümunəvi işlər görüldü.
- Bu sahədə hansı nailiyyətləri qeyd etmək olar?
- Azərbaycanın dilbər guşələrinin əksəriyyətində xarici ölkə vətəndaşlarını cəlb edən, onlarda ölkəmizə gəlmək üçün maraq oyadan böyük işlər görülüb. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksini qeyd etmək istəyirəm. Şahdağ əvvəllər çox uzaqlardan görünən bir məkan olub, ona ancaq uzaqdan baxmaq mümkün idi. Bu gün isə Şahdağa dünyanın hər yerindən gələn insanlar bu təbiət möcüzəsinin imkanlarından istifadə edir, ailəvi istirahət edir, Azərbaycanın gözəlliklərini görürlər. O əcnəbilər Azərbaycan insanları görür, Azərbaycan nemətlərindən dadır və bizim Azərbaycanın nələrə qadir olduğunun şahidi olurlar.
Məsələn, mənim millət vəkili seçildiyim Qəbələ müstəqilliyimizin ilk illərində adi kənd rayonu idi. Müstəqilliyimizin ilk illərində hər kəndin yanında şəhidlər məzarlığı vardı. Əhali həmin dövrlərdə bilmirdi ki, güzəranının qayğısına qalsın, işsizliyin, yaxud şəhidinin dərdini çəksin. Çox xaotik dövr yaranmışdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xalqımız o fəlakətlərdən də qurtardı və Heydər Əliyev siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Qəbələ də dünyanın hər yerindən görünür. Bir məqamı qeyd edim. Mən ilk dəfə deputatlığa namizədliyimi vermək üçün Qəbələyə gedən zaman Qəbələdə qonaqların qalması üçün yer yox idi. Mən dostlarımın evində qalırdım. Təbii qaz yox idi, meşələri yanacaq məqsədilə qırırdılar. Amma indi Qəbələ əsl turizm məkanına çevrilib. Qəbələdə olan beşulduzlu, dördulduzlu mehmanxanalara dünyanın hər yerindən - ABŞ-dan, İngiltərədən, Şərq ölkələrindən turistlər gəlir və oranın gözəl təbiətini seyr edir. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev bir dəfə Qəbələyə gəlmişdi. Heydər Əliyev əhali ilə görüşdükdən sonra həmin turizm məkanlarından birində mənə dedi ki, bu yerlər Azərbaycanın İsveçrəsidir. Böyük şəxsiyyətin, müdrikin, Azərbaycanın vurğunu olan bir insanın dilindən çıxan sözlər bu gün həqiqətə çevrildi. Bu gün Qəbələ dünyanın heç yerindən, heç İsveçrədən aşağı görünmür, ondan da yüksək səviyyədə görünür. Gələn turistlər Azərbaycan, ölkəmizin tarixi barədə məlumat alır, insanlarımızla təmasda olaraq böyük təəssüratla ölkələrinə qayıdırlar.
Bu il turizm sahəsində də böyük işlər görüldü. Ağsaqqallar Şurasında müzakirələr zamanı da ağsaqqallar bildirirlər ki, artıq kəndlərimiz şəhər səviyyəsindədir. Azərbaycan kəndləri artıq bir çox ölkələrin şəhərləri səviyyəsindədir. Bakımız regionda nümunəvi bir paytaxt şəhərinə çevrilir. Bakıda yaxşı vəziyyətdə olmayan, insanların dözülməz şəraitdə yaşadığı məhəllələr, uçuq evlər vardı, bunların hamısı yeniləri ilə əvəz olunur. Bakıya yeni bir nəfəs verildi. Artıq Bakımız dünyanın hər yerindən gözəl görünür. Şübhəsiz ki, Xəzər sahilləri hər zaman gözəl olub. Amma dənizkənarı parkımız çox kiçik, primitiv idi. İndi Xəzər sahili dünyanın ən gözəl dəniz sahillərindən birinə çevrilib, ən inkişaf etmiş ölkələrin timsalı ilə müqayisə etmək olar.
Bakıda “Qara şəhər” adlandırdığımız yaşayış məskəni vardı, indi “Ağ şəhər”lə əvəz olunub. Qaranı ağa çevirmək nə deməkdir? Bu, çox böyük fəlsəfi məna daşıyır. Bu, Azərbaycan insanına xidmətdir. Bütün bunlar bu illər ərzində, xüsusən 2017-ci il ərzində görülən işlərdir. Əsas məsələ yolun düz seçilməsidir. Bütün müqəddəs kitablarda öncə insanlara müraciət edilərək onu tanıması təlqin olunur. İnsanlar Allaha üz tutaraq ilk olaraq bir arzularını dilə gətirirlər ki, "Allahım, məni düz, insanlara məsləhət gördüyün yolla apar". Bu, “Qurani-Kərim”in ilk surəsidir. Bu gün Heydər Əliyevin Azərbaycan üçün yaratdığı yol həmin düz yoldur. Biz əbədi olaraq bu yolla gedəcəyik. Bu yolda uğurlar, xalqın səadəti, sülh, əmin-amanlıq, iqtisadi inkişaf, insanlarımızın yüksək təhsil alması, insanlarımızın dünyanın müxtəlif yerlərində şöhrət qazanması var. Azərbaycanda müxtəlif sahələr üzrə strateji çoxillik proqramlar təsdiqlənir və həyata keçirilir. Bütün bunlar hamısı Azərbaycanın rifahına xidmət edir.
Azərbaycanın neft-qaz strategiyasına da toxunmaq istəyirəm. Bu strategiya 2017-ci ildə də uğurla davam etdirildi. TAP, TANAP qaz kəmərlərinin çəkilişini bu çərçivədə xüsusi qeyd etmək istərdim. Bakı-Tbilisi-Qars dəmir yolunun da 2017-ci ildə istifadəyə verilməsi tarixi hadisədir. Əslində, bu üç nöqtə tək Bakıdan Qarasa olan məsafə deyil, Çindən İngiltərəyə qədər olan məsafəni əhatə edən dəmir yoludur. Bu, tək dövlətlərin iqtisadi əlaqələrinin inkişafına xidmət etməyəcək, həm də humanitar missiyanı yerinə yetirəcək. İnsanlar bu dəmir yolu ilə bir-biri ilə dostluq əlaqələri quracaq, mədəni sərvətlərin mübadiləsi aparılacaq. Görülən bu işlər Azərbaycana böyük uğur, şöhrət gətirib. İnşallah, yeni il bu uğurların, nailiyyətlərin davamı olacaq. Arzum budur ki, Azərbaycanımız daha da inkişaf etsin, gündən-günə çiçəklənsin. Böyük, gözəl gənc nəsil yetişir. Bu nəslin xalqımızın adət-ənənələrini yaşatmasını, xalqımızı dünyada daha çox tanıtmasını arzulayıram. Gənclərimiz xoşbəxt yaşasın, bizim gördüyümüz çətinlikləri, fəlakətləri görməsin.