İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri jurnalistlərə açıqlamasında ölkəni bürüyən etiraz aksiyalarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazları pisləyən və onun başçılarını (Mirhüseyn Musəvi və Mehdi Kərrubi - S.Həmid) “amerikalı fitnəkarlar” adlandıran M.Baqiri başçılıq etdiyi qüvvələrin islam respublikası hakimiyyətinə qarşı çıxanların niyyətini həyata keçirməsinin qarşısını alacağını vurğulayıb:
“Biz, islam inqilabının devrilməsini istəyənlərin şeytani və iyrənc yuxusunun çin olmasına imkan verməyəcəyik. Biz, islam respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb onları məyus edəcək, onların öz iyrənc hədəflərinə çatmasının qarşısını alacağıq”.
Qeyd edək ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən dekabrın 28-də İranın Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Etirazlar daha sonra ölkənin 10-dan çox şəhərinə yayılıb.