23 Mart 2018 13:20
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin, ayrı ayrı ictimaiyyət nümayəndələrinin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim bundan öncə yazdığım hər iki statusun başlıca məqsədi olmuşdur. Hesab edirəm ki, son iki gündə Feysbuk səhifələrində bu istiqamətdə müşahidə olunan dialoq yaxşı nümunənin başlanğıcı hesab oluna bilər. Ən son olaraq, Tapdıq Fərhadoğlunun “Amerikanın səsi” radiosunun Bakı bürosu üçün hazırladığı materialı da qənaətbəxş təşəbbüs kimi dəyərləndirmək lazımdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz Feysbuk hesabında Tapdıq Fərhadoğlunun “Amerikanın səsi” radiosunun Bakı bürosu üçün hazırladığı materiala sözardı olaraq yazdığı statusda qeyd edib.

Prezidentin köməkçisi söyüş və təhqir ritorikasının, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılmasının heç kimə başucalığı gətirmədiyini vurğulayıb:

"Hamı razılaşar ki, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir, əksinə, bu üsuldan istifadə edənlərin mənəvi və əxlaqi dəyərlərdən yetərincə uzaq düşdüyünü nümayiş etdirir. Virtual məkan öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan, insanların heysiyyatı ilə oynayan, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır. Axı cəmiyyətimizdə kifayət qədər sağlam düşüncəli, yüksək intellektə malik, öz dünya görüşünə, əqidəsinə uyğun fikir bildirməyi və onu müdafiə etməyi bacaran insan var.

Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar, ictimai təşkilatlar və media nümayəndələri bu müzakirələrə qoşulacaq və mövcud xoşagəlməz halların aradan qaldırılmasına, sağlam və konstruktiv mühitin bərqərar edilməsinə öz dəyərli töhfəsini verəcəkdir".

Qeyd edək ki, “Amerikanın səsi” radiosunun Bakı bürosu Prezidentin köməkçisinin yazdığı məqalələri şərh edən material dərc edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər