9 Aprel 2018 13:05
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçicilərin böyük əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Rəyi soruşulanların 68%-i birmənalı olaraq səsverməyə qatılacağını, 10% isə “yəqin ki, qatılacağını” qeyd edib.

Birmənalı olaraq səsverməyə getməyəcəyini deyən respondentlər 5% təşkil edib və o qədər də respondent “yəqin ki, iştirak etməyəcəm” cavab variantını seçib.

Daha 8% səsverməyə gedib-getməyəcəyinə hələ qərar verməyib. 4% isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrinə əsasən, seçkilərdə səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 83,5% öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verəcək.

Digər namizədlərə gəldikdə isə Qüdrət Həsənquliyevə - 2%, Sərdar Məmmədova - 1,7%, Hafiz Hacıyevə -1,6%, Fərəc Quliyevə - 1,1%, Zahid Oruca - 0,9%, Araz Əlizadəyə - 0,7%, Razi Nurullayevə - 0,5% respondent səs verəcəyini qeyd edib.

Daha 2,5% heç kimə səs verməyəcəyini, 2,3% - dəstəkləyəcəyi namizədə dair hələ qərar vermədiyini bildirib.

3,2% isə cavab verməkdə çətinlik çəkib.

"İ. Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualına respondentlərin 85%-ə yaxını "bəli, cavab verir" (tam və ya qismən), 3%-i "xeyr, cavab vermir", 6%-i isə "əsasən cavab vermir" deyə bildirib.

Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Respondentlərə seçkilərin nəticələrinə nə dərəcədə etibar etdikləri də soruşulub.

“Sizcə prezident seçkiləri ədalətli keçiriləcək və nəticələr xalqın iradəsini əks etdirəcəkmi?” sualına cavabda respondentlərin 48%-i bütövlükdə seçkilərin ədalətli keçiriləcəyinə, nəticələrin isə xalqın iradəsini əks etdirəcəyinə inandığını vurğulayıb, 38%-i isə xırda pozuntuları istisna etməyib, lakin onların ümumi nəticələrə xələl gətirməyəcəyini qeyd edib.

Yalnız 9% “hakimiyyətin seçkinin nəticələrini təhrif edəcəyini, onların xalqın iradəsini əks etdirməyəcəyini” deyib.

Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Hesabat 2018-ci il aprelin 2-3-də keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1635 nəfər iştirak edib. Nisbi xəta +2,7 faizdir.

Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu, təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 48 yaşayış məntəqəsini əhatə edib./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər