25 Aprel 2018 22:44
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyevin Prezident olduğu ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında çıxış edərkən deyib.

Türkiyə Prezidenti bildirib: "Əvvəlcə, əziz qardaşım cənab İlham Əliyevə və dəyərli nümayəndə heyətinin üzvlərinə bir daha ölkəmizə “Xoş gəlmisiniz!” deyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzu edirəm.

Cənab İlham Əliyevi prezident seçkilərindən sonrakı ilk rəsmi xarici səfərində Ankarada qonaq etməkdən məmnunluq hissi keçirirəm. Cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən də, inşallah, prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana edəcəyəm. Bunun bir ənənə halı alması da münasibətlərimizin müstəsnalığını açıq şəkildə ortaya qoyur. Zati-alinizin seçkilərdə qazandığı 86 faiz səs Azərbaycan xalqının Sizə olan etibarını nümayiş etdirdi. Bu etibar şübhəsiz ki, əsassız deyil. Prezident olduğunuz ötən 15 ildə Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəmdir. Qarşıdakı illərdə də Azərbaycanın uzaqgörən liderliyinizlə müstəqilliyindən bəri qət etdiyi yolu dəfələrlə artıracağına olan inamım tamdır.

Dəyərli nümayəndə heyətinin üzvləri, bir az əvvəl qardaşım Prezident İlham Əliyevlə keçirdiyimiz təkbətək görüşdə ikitərəfli münasibətlərimizin önəmini qeyd edərək, bundan sonra atılacaq addımlar haqqında fikir mübadiləsi apardıq. Eyni şəkildə nazirlərimiz də bir-biri ilə görüşərək öz planlarını müzakirə etdilər".

R.T.Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrini real layihələrlə daha da gücləndirmək əzmindədir: "Ötən il açılışını etdiyimiz Bakı–Tbilisi–Qars dəmir yolu xətti bu mənada çox önəmlidir. Bu dəmir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı gördüyümüz işlər davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün əlimizdən gələni etməliyik. Transanadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq. Məlumdur ki, iyunun 24-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Ona görə, əgər açılışı iyunun əvvəllərində etsək, bu, həm Türkiyəyə, həm də dünyaya səs salacaq. Digər irihəcmli layihə olan Cənub Qaz Dəhlizi ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək. Digər tərəfdən, “Star” neft emalı zavodunun da tikintisi tamamlanacaq. Beləliklə, Azərbaycan Türkiyəyə ən böyük sərmayə yatıran ölkə olacaq. Buna görə də şəxsən öz adımdan və xalqım adından Sizə təşəkkür edirəm. Məlum olduğu kimi, Türkiyənin Azərbaycanda lap əvvəldən neft sektorunda ən böyük investor olması təsadüfi deyil. Ancaq bunları qəti şəkildə kafi hesab etmirik və bu əməkdaşlığı daha da genişləndirmək üçün əlimizdən gələni edirik".

Türkiyə Prezidenti deyib ki, iki ölkə bir neçə il əvvəl qarşıya qoyualn ticarət hədəflərinə hələ ki, çata bilməyib. Bunda qarşılıqlı münasibətlərimizdən asılı olmayaraq, dünyada baş verən qlobal iqtisadi hadisələrin də rolu var: "Güzəştli ticarət sazişinin tezliklə imzalanması ticarətimizin bərabər rəqabət şərtləri çərçivəsində aparılması üçün çox böyük önəmə malikdir. Bu gün güzəştli ticarət sazişinin imzalanması ilə bağlı Anlaşma Memorandumunun imzalanacağından məmnunluq duyuruq.

Dəyərli qardaşım, dostluq və qardaşlıq əlaqələrimiz yalnız bu günün məhsulu deyil. Biz tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlətik. Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə apardığı və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin atılmasına da töhfə verib. Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhidlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq".

R.T.Ərdoğan deyib: "Biz Türkiyədə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qardaşlarımızın yanındayıq. Azərbaycanda da bu vəziyyət eynidir. Bu baxımdan FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizəmizdə heç vaxt dəstəyini əsirgəməyən Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı öz mübarizəsi hesab edib. Orada canını qurban verən şəhidlərimiz üçün duyduğunuz üzüntünü, qazandığımız uğurlara görə də keçirdiyiniz sevinc hisslərini də təqdir edirik. Biz də Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə öz problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində təcili həlli ən böyük arzumuzdur. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələr prosesini dəstəkləyirik. Ancaq bu prosesin 25 ildir münaqişənin həllində heç bir nəticə verməməsi və beynəlxalq təşkilatların müvafiq qərarlarının icra olunmaması yolverilməz haldır. Bu məsələdə Azərbaycana göstərdiyimiz dəstək bundan sonra da eyni qətiyyətlə davam edəcək.

Dəyərli qardaşım, Sizi və nümayəndə heyətinizi vəzifəyə yenidən seçildikdən sonra ilk rəsmi xarici səfərinizdə Türkiyədə qəbul etməkdən duyduğum məmnunluq hissini bir daha vurğulamaq istəyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər