17 İyul 2018 08:28
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə “Tərəfdaşlıq prioritetləri” sənədi yüksək qiymətləndirilib: “Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir: “Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividentlər vəd edir”.

Deputat səfər zamanı Azərbaycan prezidentinin bir sıra ikitərəfli görüşlər keçirdiyinə, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirakına diqqət çəkib: “Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir. Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər.

Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər