Nikol Paşinyanla David Tonoyanın uşaqlarını Qarabağa hərbi xidmətə yollaması qeyri-qanunidir. Ermənistan baş nazirinin ixtiyarı yoxdur ki, kimisə Azərbaycan ərazisinə hərbi xidmətə göndərsin. Orada hərbi qulluq yoxdur, qanunsuz olaraq silahlı dəstə yerləşdirilib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycan icmasının sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın Baş naziri Nikol Paşinyandan sonra Müdafiə naziri David Tonoyanın oğlunu Qarabağa hərbi xidmətə göndərməsinə münasibət bildirərkən deyib.
Bayram Səfərovun fikrincə, Nikol Paşinyan seçkilərə qədər vaxt qazanmaq və cəmiyyət arasında imicini qaldırmaq üçün bu yola əl atır: “Ermənilər övladlarının Qarabağda ölməsini istəmir, bunlar da fikirləşir ki, öz uşaqlarını əsgərliyə göndərməsələr, xalqa nə deyəcəklər? Bu da növbəti oyundur. Onların Azərbaycan ərazisində hərbi xidməti qeyri-qanunidir”.
Onun sözlərinə görə, faktiki olaraq Ermənistanda idarəçilik bərbad vəziyyətdədir: “Hər gün mitinq keçirilir, camaat çörək davası edir. Hakimiyyət dəyişdi, amma yeni gələn dediklərinin əleyhinə fəaliyyətə başladı. Köhnə hakimiyyətdə təmsil olunanların hamısı quldur dəstəsi idi, xalqa zülm edirdi. Paşinyanın isə sözləri ilə əməlləri üst-üstə düşmədi. Bir gün Amerikaya tərəf, səhəri NATO-ya yıxılmaq istəyir, başqa bir gün Rusiyadan mədət umur. Aydın bir şey yoxdur. Bu xəmir hələ çox su aparacaq”.
Bayram Səfərov qondarma Dağlıq Qarabağ Respublikasının Qarabağ danışıqlarına qatılması barədə erməni tərəfin təkliflərini də şərh edib: “Azərbaycan xalqı buna yol verməz. Azərbaycan ərazisində yalnız Azərbaycan hökuməti qayda-qanun yaradıb söz deyə bilər. Separatçılar kimdir ki, danışıqlara qatılsın?”.