18 İyul 2018 20:25
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə çalışır”.

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, işğal olunan ərazilər azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək.

F.Ələsgərov ANAMA-nın fəaliyyətindən danışarkən vurğulayıb ki, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi texniki bazasını müasir standartlar səviyyəsində yüksəldib: “2017-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3.5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatla, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir. Minalardan təmizləmə peşəsinin sahibləri əksər hallarda həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli və humanist vəzifələrini icra edirlər. Onların fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət yetirilir, Agentliyin maddi-texniki təchizatı gücləndirilir, əməkdaşları dövlət mükafatları ilə təltif olunur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər