Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, ABŞ-İran münasibətləri getdikcə kəskinləşir, artıq hər iki dövlətin prezidentləri bir-birini təhdid etməkdən belə çəkinmir. Yaranan vəziyyəti necə şərh edərdiniz?
- Baş verənləri Avrasiyada oynanılan böyük oyunun İran pərdəsi kimi qiymətləndirmək daha doğru olardı. Bu proses ötən ilin mayında, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri ilə başlanıb. Ər-Riyadda anti-İran koalisiyasının yaradıldığı açıq elan olunub. Bu ilin mayın 8-də isə ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxması ilə proses yarım mərhələyə qədəm qoyub.
Təbii ki, İranla imzalanan nüvə sazişindən ABŞ-ın birtərəfli qaydada çıxması, eləcə Vaşinqtonun Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməsi şübhəsiz ki, İranla münasibətlərin kəskinləşməsi ilə müşayiət olunmalı idi və olunur da. Üstəlik burada İranın regiondan, xüsusilə Suriya və İraqdan çıxarılması üçün ciddi səylərin göstərilməsi, Tehrana qarşı avqust və noyabrda sanksiyaların tətbiq ediləcəyinin açıqlanması ilə münasibətlərin kəskinləşəcəyi gözlənilən idi. Ona görə də ritorikanın sərtləşməsi təbiidir.
- Bu prosesin davamı hansı ssenarilər üzrə inkişaf edə bilər?
- Münasibətlərin kəskinləşməsi qaçılmazdır. Bir tərəfdən İranı nüvə sazişi ilə bağlı küncə sıxışdırmağa çalışır, digər tərəfdən Suriya və İraqdan çıxarırlar. Eyni zamanda avqustdan başlayaraq daha ağır sanksiyalara start veriləcək. Noyabrda isə İrandan neft alınmasını dayandırmaq üçün ciddi tədbirlər görüləcək. Bununla paralel olaraq İran daxilində ictimai-siyasi sabitliyin pozulması, İran müxalifətinin dəstəklənməsi istiqamətində addımlar atılır. İrana yönəlik kompleks strateji hücum planı işə düşüb.
Çoxları “hücum planı” deyəndə klassik şəkildə ABŞ-ın İrana qarşı iri miqyaslı əməliyyatını gözləyir. Bu yanlış fikirdir. Bu mübarizədə ABŞ İrana qarşı daha çox yumşaq gücdən istifadə edəcək. Söhbət siyasi, diplomatik, iqtisadi, kəşfiyyat, kiber, informasiya hücumlarından gedir. Həmçinin mümkündür ki, İran müxalifətinin dəstəklədiyi silahlı qruplardan da istifadə edilsin, terror hücumları baş versin və ya daha irəlidə nöqtə zərbələri olsun. Həmçinin mümkündür ki, ABŞ və İranın regionda mövqe toqquşmaları olsun. Söhbət ancaq İranın özündən getmir.
- Adətən, Trampın xarici siyasəti hücum, təzyiq etmək və sonda istədiyinə nail olamaq üçün münasibətləri diplomatik şəkildə qaydaya qoymağa hesablanır. Sizcə, Trampın İran siyasətinin sonu da bu cür başa çata bilərmi?
- Təbii ki, ortada Şimali Koreya təcrübəsi var. Ancaq İranın vəziyyəti bir qədər fərqlidir. Birincisi, İranla nüvə sazişini imzalayan digər ölkələr, məsələn, Avropa Birliyi, Rusiya və Çin müqavilədə qalır. Bu vəziyyəti dəyişir. Adı çəkilən ölkələr İranla imzalanan sazişə sadiqdirlər və onun şərtlərinə əməl edirlər. Eyni zamanda BMT-nin Beynəlxalq Atom Agentliyi də öz işini davam etdirir. Yəni burada vəziyyət Şimali Koreyada olan vəziyyətdən fərqlidir.
Digər tərəfdən, İranda daxili vəziyyəti nəzərə almaq lazımdır. İranda əsas hakimiyyət ali dini rəhbər və onun nəzarətində olan strukturlardadır. Onların da bu məsələdə mövqeyi birmənalı və sərtdir. Onlar İranla yeni nüvə sazişinə dair danışıqlara başlamaq niyyətində deyillər. Bu məsələdə İranın yaxın zamanlarda və asanlıqla geri çəkiləcəyini düşünmürəm. Mümkündür ki, vəziyyətin çox ağırlaşdığı, mürəkkəb bir dövrdə İranda belə müzakirələr başlasın. Ancaq ilkin dövrdə, xüsusilə bu il ərzində belə danışıqların başlayacağını gözləmirəm.
- ABŞ noyabra qədər İrandan neft alan dövlət və şirkətlərin bundan imtina etməsinə tam nail ola biləcəkmi?
- Əvvəla deyim ki, ABŞ öz diplomatlarını əksər ölkələrə göndərib. Diplomat göndərmədiyi ölkələrə isə rəsmi məktublar göndərilir və qeyd olunur ki, noyabra qədər İrandan neft alınmasını dayandırsınlar. Yəni ABŞ bu istiqamətdə diplomatik baxımdan intensiv iş aparır.
İkincisi, əgər ABŞ İrandan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə başlasa, təbii ki, həmin ölkələr düşünməyə məcbur olacaq. Bir tərəfdən ABŞ həmin ölkələri sanksiyalarla hədələyəcək və çox güman ki, bu sanksiyalar çox sərt olacaq, digər tərəfdən həmin ölkələrə alternativ mənbələr təklif edəcək. Yəni bazarda İranın yerini dolduracaq ölkələr çox olacaq.
- Çinə təsir edərək onun İrandan neft almasını dayandırmaq mümkündürmü?
- Əgər Çinin Amerika ilə ticarət dövriyyəsini nəzərə alsaq, görərik ki, əslində bu məsələdə ən həssas ölkələrdən biri Çindir.
- Helsinkidə Tramp-Putin görüşü keçirildi. Siz, bu görüşün nəticələri haqqında nə deyə bilərsiniz?
- Hələlik mətbuata sızan informasiyalardan məlum olur ki, İranın Suriyadan sıxışdırılıb çıxarılması məsələsi müzakirə olunub. Eyni zamanda bu müzakirə ancaq Putinlə Tramp arasında deyil, həmçinin Netanyahu ilə Putin arasında aparılır.
Hazırda ABŞ dövlət katibi Mayk Pampeo Senata dəvət olunub. Dövlət katibi Helsinki görüşü və onun nəticələri haqqında Senata məlumat verəcək. Məncə, Pampeonun Konqresdə verəcəyi məlumatdan sonra bizim informasiyamız daha geniş olacaq.