Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır. Bizim qeyri-neft məhsullarının 35 faizə, kənd təsərrüfatı məhsullarının isə 90 faizə yaxını Rusiyaya ixrac olunur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
O qeyd edib ki, ixrac potensialının artması perspektivi böyükdür və Azərbaycan sahibkarları bundan getdikcə daha çox istifadə edəcəklər. Azərbaycan isə Rusiya üçün digər böyük bazarlara çıxış yolunda mühüm ölkədir:
“Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya- Şərq iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları və Azərbaycanın bu ölkələrlə uğurlu siyasi və iqtisadi münasibətləri Rusiya üçün çox cəlbedicidir və mühüm imkandır. Eyni zamanda, Avropa İttifaqı bazarlarına hər iki ölkənin qaz ixracı imkanları Rusiyanı Azərbaycanla bu mühüm bazarda əməkdaşlıq etməyə sövq edir. Bütün bu nüanslar isə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin bərabərhüquqlu, qarşılıqlı fayda gətirən və inteqrasiya oluna bilən münasibətlər olduğunu deməyə imkan verir. İmzalanan çoxsaylı və çoxsahəli müqavilələr isə hər iki ölkə üçün iqtisadi cəhətdən mühüm perspektivlər vəd edir”.