Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-dən 5-dək Rumıniyada səfərdə olub.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rumıniya Baş nazirinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal, xarici işlər naziri Teodor Meleşkanu ilə görüşlər keçirilib, nazir müavini Danuts Sebastian Nekulaesku ilə Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Görüşlərdə iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə və əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu əlaqələrin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub. Həmçinin ölkələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə də fəal və səmərəli əməkdaşlıq etdikləri bildirilib.
Söhbət zamanı Rumıniyanın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu qeyd edilib. Ötən dövrdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının hər iki ölkənin bu istiqamətdə əzmkar və səmərəli fəaliyyətinin nəticəsi olduğu vurğulanıb. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində strateji tərəfdaş kimi Rumıniyanın mühüm rol oynadığı qeyd edilib. Gələn ilin ilk yarısında Rumıniyanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyinin Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi baxımından faydalı olacağı ifadə edilib.
Hər iki ölkənin müstəqilliyinin 100, diplomatik əlaqələrin 25, strateji tərəfdaşlıq münasibətlərinin 10 illiyi barədə söhbət aparılıb, ölkələr arasında əldə edilmiş uğurların davamlı olacağı vurğulanıb.
Görüşlərdə iqtisadi əlaqələr də müzakirə edilib, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının Rumıniya tərəfindən həmişə dəstəklənəcəyi vurğulanıb.
Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqeyinə görə Rumıniya tərəfinə minnətdarlığını bildirib.
Görüşlər çərçivəsində siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb, Xarici İşlər nazirliklərinin idarələri arasında görüşlərin keçirilməsi, bu istiqamətdə Strategiya Planının üzərində çalışıldığı qeyd edilib. Rumıniyanın Baş naziri Viorika Dançilanın Azərbaycana səfərinin qısa müddət ərzində həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Qara dəniz-Xəzər dənizi Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi və Rumıniyanın TAROM şirkəti tərəfindən Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələləri müzakirə edilib.
Görüşlərdə, həmçinin regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.
Səfər çərçivəsində Buxarest şəhərində Tei parkındakı Heydər Əliyev xiyabanı ziyarət edilib, Ulu Öndərimizin abidəsi önünə gül dəstələri qoyulub.