21 Sentyabr 2018 17:46
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq".

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda deyib.

Dövlət başçısı vurğulayıb ki, heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın: "Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir. Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir.

Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər