3 Oktyabr 2018 08:17
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbətdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən may ayından bəri davam etdirilən sərt ritorikaya son qoyulmuş oldu. Bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bu görüşdən sonra N.Paşinyan tərəfindən danışıqların qondarma qurumla aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyuldu:

“Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib və bunun məsuliyyəti Ermənistanın üzərindədir. Hazırkı mərhələdə bütün bunlara baxmayaraq, Azərbaycanın problemi sülh yolu ilə həll etməyə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır”.

H.Babaoğlu vurğulayıb ki, bu gün işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır:

“Buna paralel olaraq, regionun iqtisadi və sosial-mədəni bütövlüyü də pozulub. Regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Yaxşı olar ki, yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək Ermənistan işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımlar atsın. Bu, hamının xeyrinə olar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər