8 Noyabr 2018 19:27
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq, professor Əli Abbasovla müsahibəni təqdim edir:

- ABŞ-ın İrana qarşı II mərhələ ağır sanksiyaları işə düşüb. Bu proses nə ilə nəticələnə bilər?

- ABŞ İrana qarşı sanksiyalar tətbiq etsə də, altı ölkəni sərbəst buraxıb. O cümlədən Çin kimi nəhəng dövləti. Bu siyahıda Hindistan, Cənubi Koreya da var. Bu imkan verir ki, İran nəfəs ala bilsin. Eyni zamanda müraciət edilib ki, Rusiya və Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını bir milyon barel azaltsın. İndi görək prosesin sonu necə olacaq.

- ABŞ-ın əsas məqsədi nədir və bu sanksiyalarla məqsədinə çata bilərmi?

- Nəzərə alın ki, bu prosesi Amerika deyil, Respublikaçılar, ələlxüsus Prezident Tramp aparır. Tramp xüsusilə İsrailə görə belə bir siyasət aparır. İstəyir ki, İsrailə qarşı olan İran nüvə texnologiyasını dayandırsın. Ancaq İrana o qədər irad tuturlar ki... O cümlədən İranın Yaxın Şərqdən çıxması, orada Bəşər Əsədə və digər ölkələrə dəstəyi dayandırması və s. Kimi tələblər var.

Ancaq Avropa Birliyi, Rusiya kimi qüvvələr bu siyasəti qəbul etmir və buna qarşı çıxırlar. ABŞ-dakı son seçkilərdən sonra vəziyyət dəyişə də bilər.

- Siz hesab edirsiniz ki, ABŞ bu sanksiyalarla öz istəyinə nail ola bilməyəcək?

- Əvvəla qeyd edim ki, artıq bu sanksiyaların müəyyən təsirləri özünü göstərir. Ancaq mümkündür ki, İran buna dözsün. Nəzərə almaq lazımdır ki, İranda artıq daxili problemlər yaranıb. Amma dəyişikliklər də ola bilər.

- Hansı dəyişiklikləri nəzərdə tutursunuz?

- Amerikanın özü tərəfindən dəyişikliklər ola bilər. Ümumiyyətlə, dəyişikliklər ola bilər. Mən inanmıram ki, sona qədər bu sanksiyaların üzərində dayanılsın. Mümkündür ki, hansısa formada sanksiyalar aradan qaldırılsın, dialoq və danışıqlara gedilsin. ABŞ-ın məqsədi İranın daxildən çökməsi, indiki sistemin süqutu, hakimiyyətə yeni qüvvələrin gəlişidir. ABŞ bunu istəyir, amma bu, baş verəcəkmi? Nəticə bilinmir.

- İranın cavab tədbirləri nədən ibarət ola bilər?

- Deyildiyinin əksinə olaraq, İran heç bir halda Hörmüz boğazını bağlamayacaq. Bu riskə əsla getməz. Bu, inandırıcı deyil. İranın Amerikaya qarşı hansısa tədbirlər planı yoxdur. Əksinə, İrana xaricdən dəstək olmasa, bu ölkə daha pis durumla üzləşə bilər.

- İrana qarşı güc tətbiq etmək məsələsi gündəmə gələ bilərmi?

- Əslində belə iddialar səslənir. Ancaq bunun nə dərəcədə mümkün olub-olmayacağı bəlli deyil. Bu yaxınlarda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Bolton regionda səfərdə olub, Rusiya və İranla sərhəddə yerləşən dövlətlərlə müzakirələr aparıb. Ancaq ola bilsin ki, bu səfər həm də hərbi variantın gözdən keçirilməsi məqsədi daşıyır. Hər halda ABŞ çalışacaq ki, bir şey etsin. Amma bunu açıq formada edə bilməz.

- Siz konkret nəyi nəzərdə tutursunuz?

- İran daxilində olan qüvvələrdən istifadə etmək istəyə bilərlər. Belə qüvvələr az deyil. Nəticə Suriya prosesi kimi olmalıdır. Daxildə ciddi qarşıdurma yaranmalıdır. Bunun mümkün olub-olmadığını zaman göstərəcək.

- ABŞ-da keçirilən son Konqres seçkilərini necə şərh edirsiniz?

- Seçkinin nəticələri bəllidir. Böyük ehtimalla Tramp bundan sonra birtərəfli siyasət apara bilməz. Yəni aparacağı siyasəti Konqresə, xüsusilə Nümayəndələr Palatasına qəbul etdirə bilməyəcək. Artıq bu qapı bağlıdır. Digər tərəfdən, Senatda üstünlük əldə edən Tramp siyasətinin sıradan çıxmasına imkan verməməyə çalışacaq. Bir sözlə, Tramp Nümayəndələr Palatası ilə siyasətini və ortaya çıxaracağı qanunları razılaşdırmalıdır. Başqa sözlə, bu seçkilərdə Tramp və onun komandası qalib gəlməyib. Odur ki, məcbur olub qarşı tərəfin mövqeyini nəzərə almalı olacaq.

- Seçkilərin Trampın xarici siyasətinə hansı təsiri olacaq?

- Onu deyə bilərəm ki, bu seçkilərlə faktiki olaraq ABŞ daxili siyasətində güclü mübarizə başlayır. Yəni əks düşərgə Trampa qarşı mübarizə aparacaq və bu proses 2020-ci ilə qədər davam edəcək. Ancaq Trampın imkanları da az deyil. Böyük ehtimalla bu seçkilərdən sonra Tramp xarici siyasətində müəyyən dəyişikliklərə edəcək. Nəzərə alınmalıdır ki, xarici siyasəti bu formada aparmaqla Tramp dünyanı özünə qarşısı qoyub.


Müəllif: Cavad

Oxşar xəbərlər