21 Noyabr 2018 11:33
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın indiki parlamentinin tərkibinin əksəriyyəti Respublikaçılar Partiyasından olan deputatlardır. Respublikaçı deputatlar Seçki Məcəlləsindəki dəyişikliklərin qanuni şəkil almasının qarşısını alıb. Üstəlik, öz seçki siyahısına üçüncü şəxs kimi David Şahnazaryanın adını salıb. David Şahnazaryan keçmiş təhlükəsizlik naziri, fövqəladə səfir ranqlı siyasətçi və Ter Petrosiyanın sabiq qudasıdır”.

Bu fikirləri Teleqraf.com-a Ermənistanda mövcud ictimai-siyasi durumu və qarşıdan gələn parlament seçkilərini şərh edərkən, politoloq Zərdüşt Əlizadə deyib.

O xatırladıb ki, cəmi 3 il əvvəl amansız şəkildə Sərkisyanı və Köçəryanı tənqid edən David Şahnazaryana Respublikaçılar Partiyası özünün seçki siyahısında üçüncü yeri verib:

“Bu o deməkdir ki, Respublikaçılar Partiyası hətta keçmiş müxalifətin səslərinin müəyyən hissəsinə də iddia edir. Bu gedişin Sərkisyana xeyir gətirib-gətirməyəcəyini seçkilər göstərəcək. Digər tərəfdən, Paşinyan baş nazir vəzifəsini icra edir və imkan verməyəcək ki, seçkidə fırıldaqlar olsun. Çalışacaq ki, seçkilər qanuna uyğun şəkildə keçsin və əmindir ki, onun tərəfdarları seçkidə 70 faiz səs götürəcək. Hətta Paşinyan çalışacaq ki, müxalifətin parlamentdəki 30 faizlik yerini ona loyal mövqe tutan partiyalar əldə etsin. Paşinyan əmindir ki, seçkidən sonra birinci parlament iclası zamanı baş nazirliyə onun namizədliyi irəli sürüləcək və o, qalib gələcək. Bundan sonra parlamentdəki çoxluğa söykənən hökuməti quraraq işləməyə çalışacaq”.

Z.Əlizadə əlavə edib ki, seçkilərdən sonra Paşinyanı işləməyə qoyub-qoymayacaqları tam başqa mövzudur.

Onun sözlərinə görə, Paşinyanın qanunlara, parlamentə söykənərək, seçkilərdə qalib gələcəyini hesab etməsinə baxmayaraq, ölkədə buna mane ola biləcək başqa qurumlar da mövcuddur:

“Birincisi, ölkədə iqtisadi-maliyyə qurumları var. Söhbət oliqarxlardan gedir, hansı ki, onlar son 25 ildə xalqı soyaraq milyarderə çevriliblər. Onların güclü iqtisadi dayaqları var.

İkincisi, ordu və təhlükəsizlik qurumlarıdır. Bunlar Qarabağ mafiyasının təsiri və nəzarəti altındadır. Düzdür, bu qurumlar birbaşa seçki prosesinə qatılmayacaq, amma hökumətin siyasətini dərindən izləyir. Hərbi, təhlükəsizlik istiqamətində Paşinyan onların maraqlarına toxunan addım atsa, dərhal mexanizm işə düşəcək. Qarabağ mafiyasının nəzarətində hələ xeyli media resursları var və onlar haray salacaqlar ki, milli xəyanət baş verir, Paşinyan Qarabağı satır. Yəni mövcud durumda Ermənistanda Qarabağ kartı ən güclü silahdır”.

Politoloq qeyd edib ki, Sərksiyan başda olmaqla Respublikaçılar Partiyasının dövlət quruculuğu, iqtisadiyyat, təhsil, səhiyyə sahəsində, bir sözlə, xalqın rifahı məsələsində seçiciyə deyəcək sözü yoxdur:

“Qalıb bircə Qarabağ kartı. Mən Ermənistanı daima izləyən adamam və hesab edirəm ki, bu seçkidə Paşinyan qalib gələcək”.

Ermənistanda seçkilərdən sonra hərbi çevrilişin ola biləcəyini mümkün hesab edən Z.Əlizadə deyir ki, heç bir ölkə hərbi çevrilişdən sığortalı deyil:

“Çünki hərbçilərin əlində mütəşəkkil silah və qüvvə var. Demokratik ölkələrdə hərbi çevriliş istisna edilir, amma demokratiya təməli zəif olan ölkələrdə hərbi çevrilişlər ola bilər. Afrikada, bir zamanlar Cənubi Amerika ölkələrində belə hallar olub. Avropa ölkələrində belə hərbi çevrilişlər baş verib. Məsələn, NATO üzvü olan Yunanıstanda “Qara polkovniklər” çevriliş etmişdi. Hələlik erməni ordusu işğala və müharibəyə köklənib. Bu səbəbdən də, erməni ordusundan demokratik potensial gözləmək əbəsdir. Bu ordu rus kəşfiyyatı və Rusiya ordusunun nəzarətindədir. Ruslar nə desə, erməni generalları onu edəcək”.

O qeyd edib ki, Ermənistanda dekabrda keçiriləcək parlament seçkilərinə Rusiyanın təsiri və müdaxiləsi baş verməyəcək:

“Niyə təsir və ya müdaxilə etsin? Bəyəm qalib gələcək Nikol Paşinyan Rusiyaya qarşı olacaq? Qətiyyən yox! O, Rusiyanın dediyini edəcək. Nikol 5-6 aydır hakimiyyətə gəlib, amma hər dəfə Moskvaya qaçanda az qala, Putinin əlindən öpür. Paşinyan anlayır ki, Ermənistan qəfəsin içindədir və qəfəsin açarı Putinin cibindədir. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu ölkənin əxlaqi, siyasi, iqtisadi koordinat sistemi məhkumdur ki, Rusiyanın forpostu olsun. Çünki ortada Qarabağ qəfəsi var”.

Sonda Z.Əlizadə Erməni Milli Konqresinin sədri Levon Ter Petrosiyanın imkanları haqqında da fikirlərini açıqlayıb:

“Levonun konqresi seçkidə iştirak edəcək. Ancaq nə qədər səs qazanacağı məlum deyil. Ermənistanda müstəqillikdən sonra ilk seçkilərdə Milli Konqres parlamentə düşmədi. Bu dəfə düşünmürəm ki, Paşinyan keçmiş müəlliminə qarşı amansız siyasət yürütsün. Əksinə, seçicilərə imkan verəcək ki, istədikləri halda Levona səs versinlər. Ancaq indi erməni cəmiyyətində Levonun nüfuzu yüksək deyil. Bunun da səbəbi var. Təsəvvür edin ki, dəlixanada hamı deyir ki, yer kürəsi müstəvidir. Bir nəfər də çıxıb deyir ki, yer kürə formasındadır, fəzadan asılıb və cazibə qüvvəsinin təsiri ilə fırlanır. Dəlixanada buna görə hamı ona gülür. Sonra dəlixanada seçki keçirilir. Yerin kürə formasında olduğunu və fırlandığını deyən şəxsin dəlixanada keçirilən seçkilərdə qalib gəlmə şansı varmı? Əlbəttə yox. Ermənistanda da Levonla bağlı durum təxminən belədir. Levon deyir ki, biz mütləq Azərbaycanla mərhələli sülhə razılaşaq. Dəlixana əhalisi isə hesab edir ki, bu milli xəyanətdir. Ermənistanda ağıllı adamların sayı 4-5 faizdən çox olsa, Levonun partiyası parlamentə düşə bilər. Əks halda düşməyəcək”.


Müəllif: Cavad