Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tanınmış alim Fərda Əsədovla müsahibəni təqdim edir:
- Fərda müəllim, jurnalist Camal Qaşıqçının Səudiyyənin İstanbul konsulluğunda vəhşicəsinə qətli hazırda dünyada bir nömrəli müzakirə mövzusudur. Sizə görə, jurnalistin ölümü qlobal siyasi proseslərin anonsudur, yoxsa krallığın öz tənqidçisini susdurması?
- Əslində bu sual çox adamı düşündürür. Konkret bir hadisə ilə beynəlxalq münasibətlər problemi üzə çıxdı, həmçinin Səudiyyənin daxilində proseslər gərginləşdi. Mən hətta deyərdim ki, beynəlxalq siyasətdə Səudiyyənin gələcəyinə dair inkişaf modelləri bir-birilə qarşı-qarşıya gəlir.
Hesab edirəm ki, Səudiyyə Ərəbistanının daxili vəziyyəti maraqlı mərhələyə çatıb. Bu mərhələnin təzahürləri nəinki daxili siyasətdə, elə xarici siyasətdə də özünü göstərir. Mən Səudiyyə cəmiyyətinin, siyasətinin təkmilləşdirilməsini nəzərdə tuturam. Səudiyyə daxilində bununla bağlı müxtəlif və qütbləşən münasibətlər formalaşır. Səudiyyə Krallığı təşəkkül tapdıqdan sonra iki siyasi hakimiyyət modeli bir-birini əvəz edib. Əvvəl hakim sülalədə adi monarxiya yolu ilə hakimiyyətin atadan oğula keçməsi qaydası vardı. 1902-ci ildə varis təyin edilən şəxsin qəfil ölümü və onun övladının doğulmaması səbəbindən siyasi hakimiyyətin ötürülməsi qaydası dəyişdi. Yəni hakimiyyətin qardaşdan-qardaşa keçmək qaydası ortaya qoyuldu. Bu əsnada hakim təbəqə olan zümrə sayca artmaqla yanaşı, həm də konsolidasiya oldular.
Daxildə hakim sülalənin ənənəvi demokratik üsulla idarə edilməsi baş verdi. Hakim sülalə arasında bu, bəlkə də hakimiyyətin ədalətlə və tarazlı formada bölünməsi idi. Yəni qardaşlar bir-birini əvəz edir, gələcək nəslin hakimiyyətə yiyələnməsini təmin edirdilər. Amma 2015-ci ildə bu qayda yenidən dəyişdi və hakimiyyətin atadan oğula ötürülməsi modelinə qayıdıldı. Bu, əlbəttə həlledici məsələdir. Birincisi, ilk dəfədir ki, dövlətin əsasını qoyan Kral Əbdüləzizin oğulları deyil, onların nəsil nümayəndələri hakimiyyətə gəlir. Hakimiyyəti yenidən atadan oğula qaytarmaq xətti hakim sülalənin hakimiyyətinin məhdudlaşdırılması anlamına gəlir. İndiki vəliəhd Məhəmməd bin Salmanın bu şəkildə hakimiyyətə gəlişinə şübhəsiz ki, uzun illərdir hakimiyyəti öz aralarında bölüşdürən hakim zümrə nümayəndələrinin etiraz hissi olmamış deyil. Biz, bu gərginliyin olmasını bir neçə hadisədə gördük. Məsələn, Məhəmməd bin Salman öz yaxın qohumlarının imkanlarını məhdudlaşdırmaq, onları cəzalandırmaq, hətta bir neçə qohumunu həbs edərək, onlardan iri “cərimələr” almaq kimi addımlar ardı. Əlbəttə, bu daha çox ailədaxili məsələ kimi özünü göstərdi, amma konkret olaraq, həm də əvvəlki siyasi tarazlığı sarsıtdı. Beləliklə, daxildə gərginlik artan xətt üzrə inkişaf etdi. Biz bilmirik ki, Səudiyyənin siyasi sistemi 2015-ci ildə əsası qoyulan qayda ilə inkişaf edə biləcək, ya yox.
Bu sistem dəyişikliyi özünü xarici siyasətdə də trend kimi göstərir. Söhbət ondan gedir ki, hakimiyyət sistemi dəyişdikcə avtoritarizmə meylin ortaya çıxması da özünü büruzə verir. Bu avtoritar qayda bəlkə də təkcə Səudiyyənin özəlliyi deyil, bir çox ölkələrdə buna meyl var. Məsələn, biz bunu ABŞ siyasətində də görürük. Düzdür, Səudiyyədən fərqli olaraq, ABŞ-da güclü cəmiyyət buna etirazını bildirir, cəmiyyətin siyasi kursun korrektə edilməsi üçün ciddi imkanları var və buna da cəhd edir. Səudiyyədə isə belə güclü vətəndaş cəmiyyəti yoxdur. Biz görürük ki, daxildə və xaricdə müəyyən qüvvələr fəallaşdı və çalışdılar ki, Səudiyyənin avtoritar qayda - Kralın hökmü, xüsusilə Məhəmməd bin Salmanın düşüncəsi ilə yönəldilməsinin qarşısı alınsın. Hazırda belə görünür. Amma mən deyə bilmərəm ki, Camal Qaşıqçı əməliyyatı onlar tərəfindən təşviq edilib, ya yox.
- Dünya bu qətlin sifarişçisi kimi məhz Məhəmməd bin Salmanın adını çəkir. Siz, jurnalistin öldürülməsində vəliəhd şahzadənin rolunu görürsünüzmü?
- Mən təkcə öz fikrimi demirəm. Bir çox mütəxəssislərin fikri belədir ki, ali vəzifəli şəxslərin məlumatı olmadan bu məsələnin baş verməsi inandırıcı deyil. Konkret olaraq vəliəhd şahzadənin burada rolu olduğu haqda dəqiq söz deyə bilmərəm. Fikrimcə, buna ittihamlarla deyil, düşüncə ilə yanaşılmalıdır. Amma nəzərə almalıyıq ki, Səudiyyə siyasətində son zamanlar avtoritarizm artır, Kral Salmanın dövründə tətbiq edilən qanunvericilik çox sərt olub. Ona qədər olan kralların dövründə indiki qədər ölüm cəzaları verilməyib.
Biz əvvəlki krallar zamanı sanki avtoritar meyl, ortaya bu qədər iradə və qətiyyət qoyduğunu görmürdük. Əksinə, sanki mülayim idarəetmə üsulu var idi. İndi biz bunun sərtləşdiyini görürük. Bu səbəbdən jurnalistlə bağlı əməliyyatın ən yüksək səviyyədə təşkil edilməsi istisna deyil. Ola bilsin ki, hansısa təsadüflər də olub. Zor işlətmək, nələrəsə məcbur etməklə bağlı qərarlar olub, amma öldürülmə mümkündür ki, təsadüfi haldır. Bunu ancaq istintaq ortaya çıxara bilər. Bir daha vurğulayıram ki, Səudiyyənin son dövrlər siyasətində qətiyyət, sonrakı nəticələri nəzərə almadan məqsədə çatmaq naminə hər işə əl atılması müşahidə olunurdu.
- Sizcə, hakim ailədəki hansısa qrup jurnalistin qətlini təşkil edib sonda günahın vəliəhdin üzərinə qoyulması ssenarisini həyata keçirə bilərmi?
- Əlbəttə, bu, istisna edilmir. İndiki Kralın atası Əbdüləzizin 200 oğlu olduğunu təsəvvürə gətirin. Bu 200 oğulun bir qismi hələ də yaşayır. Onların arasında Kral Salmandan bir qədər cavan olanları da var. Üstəlik onların da böyük bir nəsli var. Əslində bütün mühüm dövlət vəzifələrini Əbdüləzizin nəsli, yəni kral ailəsinin üzvləri tutur. Sözsüz ki, hakimiyyətin atadan oğula ötürülməsi sistemi həm də hakimiyyətin islah edilməsinə yönəlib. Təbii haldır ki, buna müqavimət artır. Mümkündür ki, şahzadə Məhəmmədin bu cinayətə bilavasitə aidiyyəti olmayıb, amma ailənin ən yaxın və öndə gedən nümayəndəsi belə bir göstəriş verib. Yəni konkret məqsədə çatmaq və jurnalistin fəaliyyətinə son qoymaq vəzifəsi qoyulub, amma istisna edilmir ki, son nəticədə onu konkret hakimiyyətə, fərdi şəxsə bağlamaq niyyəti də ola bilərdi. Biz bunu qətiyyətlə deyə bilmərik. Bunun üçün bizə məlum olmayan, amma iz buraxan faktların analizi lazımdır.
- Bu cinayətdən sonra Məhəmməd bin Salmanın vəliəhd şahzadə kimi sıradan çıxmaq ehtimalı nə qədər realdır?
- Birinci “vəliəhdin kral olması regionda və beynəlxalq münasibətlər sistemində müsbət hal ola bilərdimi, ya yox” sualına cavab vermək vacibdir. Səudiyyənin daxildən islah edilməsi məsələsində hakimiyyətin köhnə qaydada bölüşdürülməsi böyük maneələr yaradır. Təsəvvür edin ki, yeni qayda 200 nəfərlik ailədən bəzi şəxsləri, eləcə də onların varislərini siyasətdən, ictimai münasibətlər və iqtisadi həyatdan xeyli təcrid edir. Bu halda mpvcud rejimi necə islah etmək olar? Yəqin ki, bunun üçün alternativ olaraq cəmiyyətin fəallaşması, demokratik institutların inkişaf etdirilməsi imkanlarını yada sala bilərik. Amma bunlar üçün Səudiyyədə hələlik şərait yaranmayıb.
Bir tərfdən, Səudiyyənin daxili ehtiyacları, digər tərfdən beynəlxalq münasibətlərin inkişafı qanunauyğunluqları bu ölkədə problemlər yaradır. Qərar qəbul edən beynəlxalq siyasi mərkəzlərin bu incəlikləri nəzərə alıb optimal variant taparaq Məhəmməd bin Salman olmayacağı təqdirdə başqa sima ilə ölkədə islahatların aparılmasına dəstək verib-verməyəcəyini deyə bilmərik. Ancaq indi vəziyyət belədir. Əgər konkret Məhəmməd bin Salmanın bu cinayətdə məsuliyyət daşıdığı isbat edilsə, onda şahzadənin hakimiyyətdə qalmasına göz yumulmayacaq. Yəni başqa faktlar ortaya çıxsa, məlum olsa ki, şahzadə şüurlu şəkildə məsuliyyəti üzərinə götürüb jurnalistin qətli əməliyyatına rəvac verib, bu zaman onun Səudiyyənin lideri olması problematikdir. Yox, əgər belə faktlar ortaya çıxmasa, şahzadənin fəaliyyəti davam edə bilər.
- Ancaq ortada Qərb amili, onun fakta ciddi reaksiyası da var...
- Baxmayaraq ki, Qərb ölkələrinin ümumi dəyərlər sistemi var, siyasətlərini əsasən, bu dəyərlər üzərində formalaşdırırlar, amma bu məsələyə dair hər zaman müxtəlif fikirlər və mövqelər olacaq. Demokratik qaydalara diqqət yetirən, real siyasətdə insan hüquqlarını mərkəzdə tutan ölkələr şahzadə və Səudiyyə hakimiyyətinə qarşı tənqidi mövqelərini davam etdirəcəklər. Ancaq Səudiyyə Ərəbistanının islah edilməsi məsələsini daha vacib problem sayan qlobal siyasi qüvvələr bəlkə də hansısa ortaq məxrəc tapılmasına çalışacaqlar.
- ABŞ Prezidenti Donald Tramp açıq şəkildə Məhəmməd bin Salmanı müdafiə edir. Baxmayaraq Kİ, ABŞ-daxilində konqresmenlər, senatorlar, məşhur qəzetlər Trampı ciddi tənqid edilər. Trampın bu cür mövqe tutmasının səbəbi nədir?
- Bir səbəbini dedik. Bəlkə də Səudiyyənin islah edilməsi indiki hakimiyyətin, Məhəmməd bin Salmanın fəaliyyəti və siyasi hakimiyyətin ötürülməsi sisteminin dəyişikliyi ilə bağlıdır. Bu məsələdə nəinki beynəlxalq ictimaiyyət, eləcə də ərəb dünyası, Səudiyyə cəmiyyətinin özü də maraqlıdır.
İkincisi, Tramp bu münasibətlərdən ölkəsinə xeyli dividentlər qazandırır. Söhbət hərbi əməkdaşlıqdan, ABŞ siyasətinin yeridilməsində Səudiyyə Ərəbistanının rolundan, ABŞ-ın silahının satılmasından gedir. Bunlar ABŞ iqtisadiyyatına müsbət təsir göstərir. Trampın ilkin reaksiyası “biz narahatıq ki, belə hadisə baş verib, amma iqtisadi və hərbi razılaşmalara yenidən baxmaq niyyətində deyilik” şəklində oldu. Bu sazişlərin əldə edilməsində Məhəmməd bin Salmanın xüsusi rolu olub. Amma Məhəmməd bin Salmanın Qaşıqçı cinayətində iştirakı isbat olunsa, ABŞ-ın Səudiyyə siyasətində iflas olmayacaq, əksinə vəliəhdin yerinə gələcək başqa şəxs eyni şərtlərlə əlaqələri davam etdirəcək.