Əvvəla qeyd edim ki, beynəlxalq görüşlərdə protokol qaydalarına ciddi surətdə əməl edilir. Protokol qaydalarında həmişə şəxsin ranqı, tutduğu mövqe, təmsil etdiyi dövlətin beynəlxalq münasibətlərdə oynadığı rol və digər faktorlar nəzərə alınır.
Bunu Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə tamaşa edərkən Rusiya Prezidenti Vladimir Putinin sağında Prezident İlham Əliyevin, solunda Belarus lideri Aleksandr Lukaşenkonun, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın isə ən qıraqda – mühafizəçilərlə yanaşı əyləşməsinə diqqət çəkən Qabil Hüseynli deyib:
“Baletə tamaşa edilərkən protokol qaydaları, məncə, reallıqları düzgün əks etdirir. Çünki Azərbaycan öz əhəmiyyətinə görə hazırda regionun lider dövləti olmaqla yanaşı Rusiya ilə münasibətlərdə, eləcə də MDB-nin möhkəmləndirilməsində kifayət qədər böyük rol oynayır. Yəni, Azərbaycan həm beynəlxalq münasibətlərdə, həm də MDB dövlətləri arasında münasibətlərdə kifayət qədər etimad qazanıb.
Azərbaycan bu qurumda qəbul edilən qərarların yerinə yetirilməsində həmişə öz öhdəliklərini vicdanla yerinə yetirib. Bu səbəbdən Prezident İlham Əliyevin Vladimir Putinlə yanaşı əyləşməsi zənnimcə, real gerçəklikləri kifayət qədər əks etdirir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinin inkişaf səviyyəsindən də xəbər verir”.
Politoloq əlavə edib ki, Ermənistan baş nazirinin səlahyyətlərini icra edən Nikol Paşinyanın ən qıraqda əyləşdirilməsi də reallığa tam uyğundur:
“Çünki Paşinyan hazırda öz ölkəsində də reytinqinin aşağı düşdüyü bir vəziyyətdə kütlənin qəhrəmanı kimi qavranılan siyasətçidir. Onun son sıralarda – Kənarda oturdulması tam qanunauyğunluqdur. Bu o deməkdir ki, onun MDB dövlətləri arasında münasibətlərdə, ümumiyyətlə postsovet məkanında elə bir xüsusi siyasi çəkisi yoxdur.
Bu onun üçün böyük bir ibrət dərsi olmalıdır ki, çox da lovğalanmağa dəyməz. Sən hələ kiçik bir ölkənin etimadını doğrult, sonra isə daha böyük iddialara düşərsən. Paşinyan bundan ciddi nəticələr çıxarmalıdır”.