Türkiyə də daxil olmaqla, bəzi qonşu ölkələrdə Mübariz İbrahimov vətənpərvərliyin simvolu kimi təbliğ edilir, haqqında film çəkilir və yaxud ən məşhur seriallarında onun qəhrəmanlığı nümunə göstərilir, Mübariz dastanları yaradır, bizlərdən isə kimlərsə onu aşağılamağa cəhd edir. Görünür, bunun günahı bir az da bizdə - jurnalistlərdə, media orqanlarında çalışanlardadır. Görünür, biz Mübariz İbrahimovun kimliyini, onun atdığı addımın ictimai-hərbi və sosial anlamını tam izah edə bilməmişik və ya az təbliğ etmişik.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Son günlər Milli Qəhrəman Mübariz İbrahimov haqda sosial şəbəkədə yazılan bir statusun doğurduğu rezonansa münasibət bildirən A.Camalqızı deyib ki, bu hadisə araşdırılmalar aparılmasını zəruri edir:
“Adətən, Avropada sosioloqlar və sosioloji mərkəzlər bu cür hallarda ciddi araşdırmalar aparır və mənzərəni aydınlaşdırırlar. Çünki burda məsələ bir xalqın dəyərindən gedir. Mübariz İbrahimov Azərbaycan xalqının dəyiridir, vətənpərvərlik məsələsində bir dönüş nöqtəsidir və dövlətin bununla bağlı ictimai-sosial mesajı, siyasi iradəsi ortadadır. Müzakirələrin ümumi mənzərəsində Mübariz İbrahimovu aşağılamağa cəhd edən bir gəncə qarşı sərt təpkilərə etiraz edənlər bizi düşünməyə vadar etməlidir. Yəni elə dəyərlər var ki, onları hər hansı “səbəblə” – məşhurlaşmaq, ya hansısa təşkilatın ayırdığı qrantın “tələblərini yerinə yetirmək”, yaxud Avropadan siyasi sığınacaq almaq arzusu... – müzakirəyə çıxarmaq qətiyyən olmaz”.
A.Camalqızı bildirib ki, mövzu həddən artıq həssasdır və xalqın dəyərini aşağılayan gənc çox təhlükəli bir yola əl atıb:
“Onu buna hansı səbəblər “vadar edib” – bu, toxunulası məqam deyil. Burda əsas məqam ona qarşı ən sərt mövqelərin doğurduğu “ictimai yazıqlıq” hissi və nəticədə bir gəncin çox böyük, yanlış mövqeyinin tərəfdarı olmayanların belə onu müdafiə etməyə qalxmasıdır. Ən kədərləndirici məqam isə belə bir “mövqenin” ictimai şüura yeridilməsi cəhdidir. Xatırlayırsınızsa, analoji hadisə Ramil Səfərovla bağlı da baş vermişdi. Baxmayaraq ki, Ramil Səfərov və Mübariz İbrahimov olayları tamamilə fərqlidir, ancaq diqqət edirsinizsə, bütün hallarda bir yanlış yanaşmanın, dəyərlərə qarşı getmənin, neqativ informasiyanın xalqın şüuraltına yeridilməsinə cəhdlər sezilir”.
A.Camalqızının sözlərinə görə, bu, ictimai təfəkkürə, xalqın milli mübarizəsinə və torpaqlarımıza qarşı yönələn qəsddir:
“Maraqlıdır ki, erməni millətindən olanlar o qızın statusuna dərhal münasibət bildirməyə tələsdilər, erməni mediası bunu xəbərə çevirdi, manşetlərə daşıdı və bundan öz məqsədləri üçün istifadə etməyə başladı. Digər tərəfdən, o gənc qızın dərhal saxta profili yaradıldı və o profildən Xocalı faciəsi də daxil olmaqla, torpaqlarımızın işğalı ilə bağlı erməni fikirləri tirajlanmağa başladı. Burdakı eybəcər məqsəd və hədəflərə baxaq: birincisi, xalqımızın dəyərinə hücum, sosial nəbz yoxlanılması, ikincisi, dəyərlərin və qəhrəmanların aşağılanmasına “cəsarətin” mümkünlüyü, üçüncüsü, ictimai altşüura – təhtəlşüura neqativ informasiyanın ötürülməsi ilə milli təfəkkürü sarsıtma cəhdi... Sosioloqlar yaxşı bilir ki, ən ağlasığmaz olayla bağlı xəbər belə qəti etirazlarla qarşılansa da, altşüurda özünə yer edir və “demək ki, mümkündür” təhlükəli rəyinin formalaşmasına təkan verir.
Dördüncü və ən təhlükəli məqamı isə saxta profilin yaradılması və ordan aparılan təbliğatda gördük. Şübhəsiz ki, bu, düşmən işidir və hədəf həmin o fikirləri səsləndirən qızın linç edilməsinə nail olmaqdır. Bununla erməni təbliğatına beynəlxalq aləmdə Azərbaycan xalqı haqda yanlış rəy yaratma fürsəti ilə bərabər. bizim cəmiyyətimizi də gərginləşdirmək hədəflənir”.
Aynur Camalqızı buna görə də mütləq Dövlət Təhlükəsizliyi Xidmətinin müəyyən araşdırmalar aparmasının vacibliyini də bildirib:
“Biz hələ bilmirik ki, o qızın birdən-birə bu statusu yazması, ermənilərin o statusu dərhal “görməsi”, saxta profilin açılması və Azərbaycan xalqına təhqirlərin davam etdirilməsi ilə o gəncin hədəfə çıxarılması, erməni mediasının bu olaya anında reaksiyası və s. əvvəlcədən düşünülmüş məkrli planın tərkib hissəsidir, ya yox. Çünki istər-istəməz, burda bir “ssenari” diqqət çəkir və hesab edirəm ki, DTX artıq araşdırmaya başlayıbdır.
İkinci məsuliyyət isə əlbəttə ki, bizim və ziyalıların üzərinə düşür. Çünki dəyərlərə hücum cəhdi varsa, bunun məsuliyyəti həm də bizimdir. Mübariz İbrahimov obrazının niyə dəyərə çevrilməsi, onun həyat amalı, hədəfi, Azərbaycan gəncliyinə böyük və əbədi mesajı daha yaxşı anladılmalı, vaxtaşırı təbliğ olunmalı, yada salınmalıdır. Mübarizin timsalında dəyərimizə atılan bu daş bizi oyatmalıdır. Mübariz İbrahimovun kimliyi, onun igidliyi barədə əsərlər yazılmalı, orta məktəb dərsliklərinə salınmalıdır, filmlər çəkilməlidir. Müasir dünyada kino ölkələrin, xalqların tanıtımı, təbliği üçün ən gözəl vasitədir. Gözəl hekayələri gözəl ssenarilərə, gözəl ssenariləri gözəl filmlərə çevirən usta yazarlara, istedadlı rejissorlara, peşəkar aktyorlara meydan verilməlidir. Uşaqlara, gənclərə aşılanmalıdır ki, suverenliyimiz və Qarabağın azadlığı uğrunda həyatını fəda edən hər bir şəhidimiz Azərbaycanın dəyəridir və dəyərlərimizə sayğı göstərilməsi hər kəsin, hər bir azərbaycanlının borcudur. Hesab edin ki, bu, Konstitusiya ilə təsbit olunan bir borcdur, görəvdir. Azərbaycanın bütövlüyü, müstəqilliyi ugrunda həlak olan oğullarımızın statusu dövlətimizin simvolları qədər simvollaşmalı, bayraq qədər müqəddəs tutulmalıdır”.