Rusiya Prezidenti Vladimir Putinin сənab İlham Əliyevə təbrik məktubu və telefon zəngində əksini tapan fikirlər böyük bir həqiqəti əks etdirir. Bu həqiqət də ondan ibarətdir ki, Azərbaycan Prezidenti bütün dünyada olduğu kimi, MDB məkanında da nüfuzlu siyasi xadim kimi qəbul olunur.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O qeyd edib ki, məktubda və telefon zəngində əksini tapan fikirlər sadəcə protokol xatirinə deyilmiş fikirlər deyil:
“Çünki Putin elə bir liderdir ki, dediyi hər bir sözə xüsusi önəm verir. Onun cənab İlham Əliyevə olan hörməti və xüsusi münasibəti göz önündədir. Xüsusilə, son vaxtlar Cənubi Qafqazda baş verən təlatümlü proseslər Azərbaycanda sabitliyi qoruyan, bütün güc mərkəzləri ilə praqmatik münasibət quran dövlət başçısı olaraq İlham Əliyevin yürütdüyü siyasətin önəmini bir daha nəzərə çatdırdı. Azərbaycan Prezidentinin siyasəti elə bir siyasətdir ki, o siyasət nə Rusiyanın, nə də Qərbin bu regionda toqquşmasına imkan vermir. Regionumuz elə regiondur ki, burada gedən proseslər İrana, Türkiyəyə, Yaxın Şərqə, Rusiyanın cənub sərhədlərinə, Xəzər hövzəsinə, Orta Asiyaya təsir edə bilir. Ona görə burada ən önəmli mövqe Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Onun siyasəti nəticəsində regionda sabitlik qorunub saxlanılır. Əgər Azərbaycanda da Allah eləməmiş, Ermənistandakı kimi destruktiv qüvvələr olsaydı, indi bu regionda aləm tamamilə bir-birinə qarışardı, bütün postsovet məkanında vəziyyət gərginləşərdi. Məhz Azərbaycan Prezidentinin fəaliyyəti regionda sabitliyi saxlamağa imkan verir”.
N.Məmmədovda daha sonra deyib: “Regionda cərəyan edən proseslər fonunda Azərbaycan Prezidentinin yürütdüyü siyasət regional və qlobal sabitlikdə mühüm rol oynayır. Putin də bunu görür, dəyərləndirir. Onu da deyim ki, bu, Vladimir Putinin cənab İlham Əliyevə oxşar məzmunlu ilk məktubu və telefon zəngi deyil. Rusiya Prezidenti Azərbaycan Prezidentinə dəfələrlə öz hörmət və ehtiramını bildirib. Bu da Azərbaycan Prezidentinin yürütdüyü uzaqgörən siyasətdən irəli gəlir”.