28 Dekabr 2018 16:07
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adətən Paşinyana qədər olan Ermənistan rəhbərləri Moskvaya səfər edəndə mütləq Qarabağ məsələsi müzakirə edilirdi. Güman edirəm ki, Putin Qarabağla bağlı Ermənistanın yeni hakimiyyətinə dəstək vermək istəmir. Çünki o, bununla Paşinyanın hakimiyyətini daha da gücləndirə bilər”.

Politoloq Eldar Namazov belə düşünür.

Onun Teleqraf.com saytına müsahibəsini təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Sizcə, bu görüş Paşinyan hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlərdə yaranmış “düyünü” aça bildirmi? Belə desək, Putin və Paşinyan dil tapa bildilərmi?

- Əvvəlcədən belə fikirlər səsləndirilirdi ki, bu görüşün nəticələri müsbət olmayacaq. Çünki müzakirə edilən mövzulara münasibətdə Putin və Paşinyanın mövqeləri bir-birinə ziddir. Hazırkı vəziyyətdə ikitərəfli münasibətlər olduqca pisdir. Demək olar ki, münasibətlərdəki gərginlik daha da güclənir.

Görüşdən sonra Paşinyan Feysbuk üzərindən bir açıqlama verdi və bu ehtimalların hamısını təsdiqlədi. Paşinyan dedi ki, Rusiyadan alınan qazın qiymətinin artırılması ilə bağlı Putinlə razılaşa bilmədi. O əlavə etdi ki, bunun pis nəticələrə gətirib çıxarmayacağına ümid edir. Ermənilər isə ümid edirdilər ki, Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı sala bilər. İndi isə qorxurlar ki, Rusiya qazın qiymətlərini artıracaq.

Paşinyan onu da əlavə etdi ki, Putinlə bir çox məsələləri müzakirə etməyə imkan olmadı. Yəni, hiss olunur ki, danışıqlar gərgin keçib və heç bir nəticəsi də olmayıb. Üstəgəl, danışıqlar başa çatdıqdan sonra məlumat yayıldı ki, Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryana Yeni İl bayramı münasibətilə təbrik məktubu göndərib. Bu, son bir neçə ay ərzində Putinin Köçəryana göndərdiyi ikinci rəsmi məktubdur. Amma Paşinyan seçkilərdə qalib gələndə Rusiya prezidenti onu təbrik etmədi. Bu, açıq mesajdır ki, Putin Paşinyanla ümumi dil tapa bilmir və açıq dillə onu və onun yürütdüyü siyasəti qəbul etmədiyini çatdırır. Bunu gizlətmək qeyri-mümkündür.

Yaxın günlərdə o da məlum oldu ki, Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi məsələsində Belarus və Qazaxıstan prezidentlərinin mövqeyini dəstəkləyir. Bu o deməkdir ki, Putin Belarusun KTMT-yə dönəm rəhbərliyi vəzifəsini üzərinə götürməsinə razıdır. Dekabrın 18-də Putin bununla bağlı sənədə razılıq imzasını da atıb. Ermənistanın indiyədək bundan xəbəri yox idi. Ermənilər ümid edirdilər ki, Paşinyan Moskvaya gedib Putinlə bununla bağlı razılaşacaq, post Ermənistanda qalacaq. İndi isə ermənilər xəbər tuturlar ki, Putin məsələ ilə bağlı mövqeyini hələ dekabrın 18-də müəyyən edib.

Başqa sözlə, Ermənistan KTMT daxilində tamamilə təklənib. Bütün bunlar onu göstərir ki, bu görüşdən sonra Ermənistan-Rusiya münasibətləri daha da gərginləşəcək. Yanvarın əvvəllərində İrəvanda Rusiya əleyhinə bir neçə mitinq təyin edilib. O cümlədən, yanvarın 12-də Gümrüdə rus hərbi bazasının bağlanması və Ermənistandan çıxarılması tələbi ilə aksiya keçiriləcək. Yəni, münasibətlər getdikcə gərginləşir və ola bilsin ki, bu gərginlik qabaqda pik nöqtəyə qalxacaq. Gələn ilin ortalarınadək biz Rusiya və Ermənistan arasında daha sərt qarşıdurmaların və dövlətlərarası münaqişələrin şahidi ola bilərik.

- Putin Paşinyanın hakimiyyətdə qalması şərtilə onunla dil tapmağa çalışır, ya bu təzyiqlər onun hakimiyyətdən uzaqlaşdırılmasına hesablanıb?

- Əslində Putin Paşinyan iqtidarını mümkün qədər tez hakimiyyətdən yola salmaq xəttini götürüb. Əlbəttə, bunu birbaşa demirlər. Çünki bunu birbaşa desələr, bu, bir ölkənin digər ölkənin daxili işlərinə qarışması kimi qiymətləndirilə bilər. Baş verənlər də göstərir ki, Moskva İrəvanla dil tapa bilmir və tapa bilməyəcək. Maraqlıdır ki, Putin Köçəryana rəsmi məktublar göndərib onu təbrik edir, Paşinyan isə belə bir adamı həbs etdirir.

Rusiyada Paşinyan modelində bir siyasətçi var – Aleksey Navalnı... Necə ki, Navalnı və Paşinyan bir-birinə yaxın tiplərdir, o formada da Köçəryan və Putin bir-birinə yaxındır. Əgər Navalnı Rusiyada hakimiyyətə gəlsəydi, onun Paşinyanla yaxşı münasibətləri olacaqdı. Vaxtilə Köçəryan da Ermənistana rəhbərlik edəndə Putinlə çox yaxşı münasibətləri vardı. Əgər o dönəmdə Navalnı hakimiyyətdə olsaydı, Köçəryanla ümumi dil tapa bilməyəcəkdi. Yəni, Paşinyanla Putinin dünyagörüşü və proseslərə baxışları bir-birinə tamamilə ziddir. Rusiya və Ermənistanın indiki rəhbərliyinin dil tapması mümkün deyil.

- Rusiya prezidentinin Robert Köçəryana təbrik məktubu göndərməsi məsələsinə toxundunuz. Putinin Paşinyanla görüşdən dərhal sonra belə bir addım atmasının səbəbi nə idi? Yəni, ehtimal etmək olar ki, Yeni İl bayramına hələ vaxt var və Putin bu məktubu bir az gecikdirə bilərdi...

- Putin 18 ildir Rusiyada hakimiyyət başındadır. Yəni, artıq onun hansı siyasəti yürütdüyü hər kəsə bəllidir. O, xarici siyasət məsələlərində adətən iki prinsipi nəzərə alır: dövlətlərarası münasibətlər və şəxsi münasibətlər... Bu iki prinsip üst-üstə düşəndə, Rusiya həmin ölkələrlə münasibətlərində çox yaxın strateji xətt seçir. Bəzən olur ki, prezidentlər arasında münasibətlər yaxşıdır, amma dövlətlər arasındakı münasibətlər yaxşı deyil.

Məsələn, Vladimir Putinin Moldova Prezidenti İqor Dodonla şəxsi münasibətləri yaxşıdır, amma Moldovada həlledici səsə prezident yox, baş nazir və parlament malikdir. Baş nazir və parlament isə Putinin siyasətinin əleyhinədir. Buna görə də Putinin Dodonla münasibətlərinin yaxşı olmasına baxmayaraq, Rusiya-Moldova münasibətləri soyuqdur.

Bəzi hallarda isə, həm şəxsi münasibətlər, həm də dövlətlərarası münasibətlər pis olur. Biz indi Ermənistan-Rusiya münasibətlərində bu halı görürük. Paşinyan öz komandasını Qərbpərəst kadrlardan formalaşdırıb. Paşinyanın yüksək vəzifəyə təyin etdiyi şəxslər vaxtilə İrəvanda Rusiya səfirliyi qarşısında Putinin əleyhinə mitinqlər keçiriblər. Buna görə də Putin başa düşür ki, Ermənistanın yeni hakimiyyəti Rusiyadan uzaqlaşmağa çalışacaq, ABŞ və Avropaya inteqrasiya yolunu seçəcək. Digər tərəfdən də Putin və Paşinyan arasında şəxsi münasibətlər də yaxşı deyil. Çünki Putin Xarici işlər naziri Sergey Lavrovun dili ilə Paşinyandan xahiş etdi ki, Robert Köçəryana toxunmasın. Köçəryan ilk dəfə istintaqa cəlb ediləndə Lavrov jurnalistlər qarşısına çıxıb bildirdi ki, biz onlarla köhnə hakimiyyətlə haqq-hesab aparmamaq barədə razılaşmışdıq. Bu barədə bizə söz vermişdilər, indi isə bu vədi yerinə yetirmirlər, Köçəryanı həbs edirlər”.

Əlbəttə, Lavrovun bu bəyanatının arxasında Putin dayanırdı. Putinin tapşırığı olmasaydı, Lavrov belə bir bəyanat verməzdi. Buna baxmayaraq, Köçəryan həbs edildi. Putin isə doğum günündə Köçəryanı təbrik etməklə Paşinyana mesaj göndərdi ki, ondan əl çəksin. Lakin Paşinyanın göstərişi ilə Köçəryan həbsdə saxlanıldı. Artıq Rusiya prezidenti Paşinyana üçüncü xəbərdarlığını edir, Moskvaya çağırır, görüşür və heç bir nəticə əldə edilmir, müsbət nəticəsinin əldə edilməsinə imkan vermir, üstəgəl, yenə də Köçəryanı təbrik edir. Yəni, Putin hesab edir ki, Ermənistanın yeni hakimiyyəti həm dövlətlərarası münasibətlərdə, həm də şəxsi münasibətlərdə “qırmızı xətti” keçir. Üstəgəl, Paşinyan Putinin xahişlərini də nəzərə almır. Putin adətən, belə halları bağışlamır. Buna görə də Paşinyan və Putinin dil tapıb razılaşacaqlarını gözləmirəm. Münasibətlər daha da gərginləşəcək və Rusiya pərdə arxasından Ermənistana qarşı təzyiqləri sərtləşdirəcək.

- Bir tərəfdən isə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilmədi. Bunu nə ilə izah etmək olar?

- Əminəm ki, bu da ermənilər üçün yaxşı heç nə vəd etmir. Adətən, Paşinyana qədər olan Ermənistan rəhbərləri Moskvaya səfər edəndə, mütləq Qarabağ məsələsi müzakirə edilirdi. Güman edirəm ki, Putin Qarabağla bağlı Ermənistanın yeni hakimiyyətinə dəstək vermək istəmir. Çünki o, bununla Paşinyanın hakimiyyətini daha da gücləndirə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər