9 Fevral 2019 19:16
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın siyasi establişmentində İqor Seçin adının öz ağırlığı var. Bir neçə milyarderi sıradan çıxaran da, bəzi nazirləri həbs etdirən də o idi. Onun qarşında duruş gətirə biləcək oliqarx və nazir yoxdur. Seçin ard-arda bütün rəqiblərini sıradan çıxarır. Bu dəfə isə onun hədəfi Azərbaycan əsilli milyarder, “Lukoil” Şirkətlər Qrupunun rəhbəri Vahid Ələkbərovdur”.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, tərəflər arasında münaqişə artıq pik həddə çatıb:

“Buna səbəb “Lukoil” ilə Seçinin direktorlar şurasının sədri olduğu “Rosnefteqaz” dövlət kompaniyası arasındakı anlaşılmazlıqdır. İki şirkət bir müddət əvvəl birgə müəssisə – “Başneft Plyus” şirkətini təsis ediblər. Şirkətin istehsalı olan neftin daşınması tarifində tərəflər heç cür razılığa gələ bilmirlər. İki tərəf arasında “soyuq müharibə” uzun müddətdir davam edirdi. Onları bir-birinə möhtac edən səbəb isə məcburi ortaqlıq olub. Belə ki,”Rosnefteqaz” bir müddət əvvəl Tatarıstanın dövlət neft şirkəti olan “Başneft”in səhm paketini alıb. “Başneft”in törəmə müəssisəsi olan “Başneft Plyus” şirkətinin səhmlərinin 25 faizi “Lukoil”a, qalan hissəsi isə “Başneft”ə, daha doğrusu “Rosnefteqaz”a məxsusdur. Bu şirkətin emal etdiyi neft Vahid Ələkbərova məxsus olan “Varendey” neft terminalı vasitəsilə daşınır.”Başneft Plyus” Yamal-Nen Muxtar Vilayətinin şimalında 2 neft yatağının istismarı ilə məşğuldur. Emal olunan nefti “Lukoil”un törəmə şirkəti olan “Lukoil-Litasco” treyder şirkətinə satır. Vahid Ələkbərov neftin daşınmasına görə müştərək müəssisədən 38 dollar alır. Seçin isə qiymətin 3 dəfə aşağı salınmasını istəyir. Səbəb kimi həmin nefti “Lukoil” ilə birgə müəssisənin hasil etdiyini göstərir və terminaldan tranzit qiymətinin ucuz olmasını tələb edir. Vahid Ələkbərov isə onların yalnız “Başneft Plyus”da ortaq olduqlarını, terminalın bu ortaqlığa heç bir aidiyyəti olmadığını əsas gətirir”.

Z.Əmrəliyev qeyd edib ki, hazırda tərəflər arasında mübahisəyə Rusiyanın Antiinhisar Xidməti baxır:

“Vahid Ələkbərov mediaya açıqlamasında bu məsələdə sona qədər gedəcəyini bildirib. Ancaq aydın məsələdir ki, ”Rosnefteqaz” dövlət, “Lukoil” isə özəl şirkətdir. İqor Seçin isə Rusiya hakimiyyətinin bir növ “boz kardinal”ı adlandırılacaq gücdə olan oliqarxıdır. Vladimir Putin indiyədək nə olur olsun, bir dəfə də Seçinin “xətrinə dəyməyib”. Seçin kiminlə mübahisə və mübarizəyə giribsə, onun qalib gəlməsi üçün şərait yaradıb. Lakin unutmaq lazım deyil ki, Vahid Ələkbərovun da Putinlə münasibəti heç zaman pis olmayıb. Ələkbərov Rusiya prezidentinə sadiq iş adamlarından sayılır. Digər tərəfdən onun rəhbərlik etdiyi şirkətin Rusiya iqtisadiyyatındakı payı digər şirkətlərlə müqayisədə ölçüyəgəlməz dərəcədə böyükdür. “Lukoil”in çökdürülməsi Rusiyanın onsuz da ağır olan iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Məsələni hər necə olur-olsun, Kreml həll edəcək. Onun kimin tərəfində dayanacağını indidən söyləmək çətindir. Zənnimcə, Kreml tərəfləri barışdırmağa çalışacaq. Ancaq “Rosnefteqaz”la “Lukoil” arasında gec-tez növbəti “toqquşma”nın olacağı qaçılmazdır. Çünki atalar sözündə deyildiyi kimi, iki qoçun başı bir qazanda qaynamaz”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər