15 Fevral 2019 15:46
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin təhsilin bütün pillələri və səviyyələri üzrə təqaüdlərin artırılması haqqında fərman və sərəncamları müstəqillik dövründə tələbə gəncliyə göstərilən ən yüksək dövlət qayğısının əməli ifadəsidir. Bu, yeni nəslin hərtərəfli inkişafının təmin edilməsi baxımından ölkəmizin sabahına hesablanmış mühüm strateji addımdır.

Bu sözləri Teleqraf.com-a AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, tələbə təqaüdlərinin miqyasının ilbəil artırılması məqsədilə təhsildə nailiyyət qazanan tələbələrin 50 faizi səviyyəsinə çatdırılmasının nəzərdə tutulması əhatə dairəsinə görə MDB məkanında ən yüksək göstəricisidir: “Eyni zamanda, təqaüdlərə əlavələrin akademik nailiyyətlərin səviyyəsinə görə müəyyən olunması nəticə etibarilə yüksək təhsil almaq uğrunda inadlı mübarizə, yaxşı mənada sağlam rəqabət mühiti formalaşdıracaq.

Bütün bunlar həm də nəticə etibarilə ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər, peşəkar yeni nəsillərin hazırlanması prosesinə böyük təkan verəcək.

Prezident təqaüdünün həcminin artırılması bu şərəfli təqaüdçü adı ilə ali məktəbləri bitirənlərə diqqəti artırmaq mənasında həm də siyasi-mənəvi mahiyyət daşıyır. Doktorantura üzrə təqaüdlərin hazırda müəyyən edilmiş 300 manatlıq həcmi elmi-tədqiqat institutlarında elmi dərəcə qazandıqdan sonra işə qəbul edilənlərin ilkin əməkhaqqı həddindən çoxdur. Bu da ölkəmizdə doktoranturaya marağı artıracaq və həmin sahədə elmi rəqabətin yaranmasına müsbət təsirini göstərəcək.

Peşə təhsili üzrə təhsil alanlara diqqətin göstərilməsi yenidən inkişafa başlayan bu sahədə təhsilini davam etdirənlərin artmasına yol açacaq.

Ümumiyyətlə, təhsilin bütün pillələri və səviyyələri üzrə təhsil alanların təqaüdlərinin artırılması müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin strateji mahiyyətini ifadə edən dövlət tədbiri kimi mühüm əhəmiyyətə malikdir. Bu böyük addım ölkəmizin Prezidentinin xalqımızın daha parlaq gələcəyi naminə Azərbaycan gəncliyinə göstərdiyi dövlət qayğısına böyük inamını və ümidlərini əməli şəkildə ifadə edir. Bu, böyük sürətlə inkişaf edən ölkəmizdə daha yüksək inkişafa təminat verə biləcək yeni nəslin formalaşdırılması üçün vaxtında düşünülmüş qərardır.

Həyata keçirilən tədbirlər ölkə üzrə yeni nəslin hazırlanmasında yeni mərhələnin strategiyasını ifadə edir”.


Müəllif: Aytən

Oxşar xəbərlər