“Suriyada müharibənin başlamasından əvvəl bu ölkənin Türkiyə ilə münasibətləri yüksək səviyyədə idi. Bu münasibətlər iqtisadi və siyasi sferaları əhatə edirdi. Suriyalı iş adamları Türkiyə iqtisadiyyatına böyük investisiyalar yatırırdı. Lakin Suriyada hökumətə qarşı başlayan etirazlar Bəşər Əsədlə Rəcəb Tayyib Ərdoğanın münasibətlərinin pozulmasına gətirib çıxardı”.
Bu sözləri Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Ekspert qeyd edib ki, dövlət başçıları zaman-zaman bir-birinin əleyhinə ittihamlar irəli sürüblər:
“Ərdoğan Əsədi terrorçu adlandırdı, Əsəd isə Ərdoğanı cihdaçı qruplaşmalara yardımda ittiham etdi. Beləliklə, Suriyadakı münaqişə şiddətləndikcə, Əsədlə Ərdoğan arasındakı əlaqələr də qopmağa başladı.
Digər yandan, Bəşər Əsəd Rusiya vasitəsilə Türkiyə ilə danışıqlara getməyin – barışmağın yolunu axtarır. Artıq Ərdoğan da Suriyada baş verənlərdə Türkiyənin nə qədər zərər gördüyünü başa düşür. Bu müharibə Türkiyə iqtisadiyyatına böyük zərər vurdu. Müharibə başlayandan bu günədək Suriyadan çıxan qaçqınların əksəriyyəti Türkiyə ərazisində yerləşdi. Bu, Türkiyə iqtisadiyyatına böyük zərbə deməkdir. Bu fonda da Ərdoğanın dilindən əvvəlki kimi Əsəd əleyhinə sərt fikirlərin səslənmədiyini görürük”.
Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyə hökuməti mümkün zərərləri nəzərə alaraq, Əsədlə anlaşmaya getməkdə maraqlı ola bilər:
“Bu anlaşma YPG və PKK kimi terror təşkilatlarının Suriya-Türkiyə sərhədlərindən uzaqlaşdırılmasını özündə əks etdirə bilər. Bu baxımdan, Əsəddən tələb oluna bilər ki, bu terror təşkilatlarını Türkiyəni təhdid etməyəcək qədər nəzarət altında saxlasın.
Suriyalı qaçqınların öz vətənlərində yerləşdirilməsi Türkiyənin gündəliyində olan məsələdir. Bu iki məsələnin həlli Ərdoğan və Əsədin barışmasında əsas amil ola bilər”.