17 May 2019 15:34
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ölkə Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılışını etdi. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın rezidenti kimi qeydiyyata alınan Diamed Co MMC tərəfindən inşa edilib. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib.

Zavodun təsisçisi Aytən Quliyevanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Aytən xanım, dünən Prezidentin açılışını etdiyi “Diamed” şpris istehsalı zavodunun özəlliyi və hədəfi nədir?

- Əvvəla onu deyim ki, “Diamed” şpris istehsalı zavodu Azərbaycanın şprisə olan bütün təlabatını ödəyəcək, idxala son veriləcək. Bu, bir il ərzində görəcəyimiz əsas işdir. Növbəti ildən isə yaxın ölkələrə - artıq Gürcüstan, Rusiyadan sifarişlər də almışıq - şpris ixrac edəcəyik.

Zavodun ikinci əsas hədəfi ondan ibarətdir ki, bir ildən sonra digər plastik malların istehsalına başlanılacaq.

Özəlliyi isə odur ki, zavod çox müasir üslubdadır və istehsal etdiyi məhsullar keyfiyyətlidir. Zavod Almaniya və İsveçrəyə məxsus yüksək keyfiyyətli texnalogiyalarla təmin olunub. Burada ən yüksək səviyyəli şpris istehsal olunur ki, Azərbaycan bazarında bu keyfiyyətdə olan şprisin biri 1 manatdır. Azərbaycanda alman aptekləri var, bilirsiniz. Bizim zavodun istehsal etdiyi keyfiyyətdə şprisi Bakıda ancaq alman aptekləri satır. Yaxın günlərdə bütün apteklərdə həmin keyfiyyətdə və ondan daha yüksək keyfiyyətə məxsus şprislər daha münasib qiymətə satılacaq.

Zavodumuz əhalini tam keyfiyyətli və təhlükəsiz məhsulla təmin edəcək. Bizim üçün təhlükəsizlik və keyfiyyət çox önəmlidir.

- Zavodda neçə növ şpris istehsalı nəzərdə tutulub?

- Hələlik zavodumuzda 4 növ şprisin istehsalı nəzərdə tutulub. Bunlar da əsasən 2, 5, 10 və 20 qramlıq şpirislərdir.

- İldə nə qədər şpris istehsal edə biləcəksiniz?

- Hazırda zavodda sterillik işi aparılır. Bir neçə gündən sonra zavodumuz tam olaraq işə düşəcək. Hələlik bir növbə və 50 işçi ilə işə başlayacağıq. Yaxın gələcəkdə 3 növbəli iş rejiminə keçərək 150 milyon ədəd şpris istehsal edəcəyik.

- Zavodun işə başlaması həm də yeni iş yerlərinin açılması deməkdir. Bununla nə qədər yeni iş yeri açılmış olacaq?

- Sesiyim kimi, hazırda 50 işçi ilə işə başlamışıq. Ancaq bir neçə günə zavod tam fəaliyyətə başlayacaq və yeni işçilər cəlb ediləcək və işçilərimizin sayı 150 nəfərə çatacaq. Zamanla işçilərin sayı artacaq.

- Dediniz ki, zavodun avadanlıqları Almaniya və İsveçrədən gətirilib. Bəs, xammal?

- Xammal da İsveçrənin “İnyot” şirkıtinə məxsusdur. İynələr isə Yaponiyanın “Mitu” şirkətindən gəlib. Qeyd etdiyim bu iki şirkət dünyada ən yüksək səviyyəli və keyfiyyətli şirkətlərdir.

Zavodumuzda köməkçi avadanlıqlarımız da var. Onlar isə İngiltərə və Türkiyəyə məxsusdur.

Onu da deyim ki, belə bir zavod Azərbaycana çox lazım idi və mən sevinirəm ki, ölkəmizdə belə bir önəmli zavodun işə başlamasında mən də iştirak etdim.


Müəllif: Teleqraf.com