22 May 2019 09:30
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robert Köçəryan həbsdən olarkən “Röyters” agentliyi müsahibəsində elan etdi ki, bundan sonra siyasi mübarizənin yeni mərhələsi başlayır. O, hədəf kimi Nikol Paşinyanı göstərdi. Eyni zamanda Dağlıq “Qarabağ klanı”nın da onun arxasında möhkəm dayandığına işarə vurdu. Həqiqətən də, qondarma “DQR” rejiminin keçmiş rəhbəri Arkadi Qukasyan, indiki rəhbəri Bako Saakyan məhkəmə prosesində iştirak etdilər və onun həbsdən azad edilməsinə zamin durdular. Bütün bunlar onu göstərir ki, artıq Ermənistan cəmiyyətində dərin bir parçalanma var.

Bunu Teleqraf.com saytına açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, bu parçalanmanın bir tərəfində separatçı Qarabağ rejimi və onun ətrafında dayanan qüvvələr, eləcə də indiyədək separatçıların içindən çıxmış və Ermənistana prezident kimi başçılıq etmiş Köçəryan və Serj Sərkisyan var:

“Cəbhənin bu tərəfində dayanan Paşinyan isə nə qədər diletant və səriştəsiz olduğunu sübuta yetirdi. Əvvəla, Köçəryanın həbsdən buraxılması üçün Rusiya bütün kanallarını işə salmışdı. Məhkəmə orqanlarının hamısını demək olar ki, ələ almışdı. Bu diletant Paşinyan isə 3 maddə ilə ittiham edilən Köçəryanı iki nəfərin zaminə götürməsi ilə çox asanlıqla həbsdən buraxılmağına göz yumdu. Əlbəttə, burada rusların təzyini görməmək mümkün deyil. Amma bir məsələ var ki, bu axı suveren respublikadır və bu respublikanın başında da guya Paşinyan durur. Paşinyanın məhkəmə salonlarının giriş-çıxışının bağlanmasına çağırış etməsi çox gecikmiş addımdır. Qatar gedəndən sonra onun dalınca qaçmaq kimi bir şeydir. Çünki proseslər çoxdan hazırlanırdı və Putin Köçəryana təbrik məktubu göndərəndə Paşinyan gərək vəziyyətdən hali olaydı. İndi isə cəmiyyəti küçələrə tökməklə əksinə qarşıdurmanı artıracaq. Onsuz da Ermənstan cəmiyyəti bölünüb. Bu bölünmə ən azı Qarabağ erməniləri ilə yerli ermənilər arasında olan bölünmədir. İndi isə bu bölünmə siyasilərin timsalında daha qabarıq surətdə meydana çıxır”.

Q.Hüseynli onu da bildirib ki, bu olay zamanı cəmiyyət N.Paşinyanın acizliyini gördü:

“Dünənədək Paşinyana rəğbəti olan şəxslərin mən deyərdim xeyli hissəsi ondan usandı. Bu acizliyi nəticəsində onun eloktoral bazasında da bir silkələnmə, dağılma prosesinin getdiyini görməmək mümkün deyil. Digər tərəfdən “Qarabağ klanı” Rusiyanın yaxından köməyi ilə bir növ təşkilatlanır, qüvvə toplayır. Onsuz da onlar madii vəsait sarıdan sıxıntı keçirmir. Nəticə etibarilə yeni bir güc mərkəzinə çevrilməklə Paşinyana qarşı mübarizə başlayır. Bu isə o deməkdir ki, Ermənistanı yay aylarında və üzü payıza doğru getdikcə çox böyük sıxılmalar, çox böyük qarşıdurmalar gözləyir və qarşıdurmalar Ermənsitanda hakimiyyət dəyişkliyinə belə gətirib çıxara bilər”.


Müəllif: Səxavət Həmid