1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev Bakıya siyasi hakimiyyətə dəvət olundu. Sual oluna bilər: Heydər Əliyev Bakıya nə üçün dəvət olundu? Bunun üçün ilk növbədə o dövrün siyasi situasiyasına baxmaq lazımdır. Biz həmin dövrə baxanda iki amili açıq-aydın görürük.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
O qeyd edib ki, ölkədə artıq vətəndaş müharibəsi başlamışdı, qardaş qanı axıdılırdı:
“Digər tərəfdən, mövcud hakimiyyət öz vətəndaşlarını adi çörəklə təmin edə bilmirdi. Yəni, bu iki amili xatırlamaq zənnimcə, çox mühümdür. Bir ölkədə vətəndaş müharibəsi gedirsə, demək bundan o tərəfi yoxdur. Ölkə vətəndaşı çörək tapa bilmirsə, o ölkənin iqtisadi mənzərəsini əks etdirmək, təsəvvür etmək çətin deyil. 1992-ci ildə siyasi hakimiyyətdə olan şəxslərin birbaşa səriştəsizliyi, digər tərəfdən təcrübəsizliyi, hər birinin özünün ambisiyası sonda Azərbaycanın müstəqilliyinin məhvinə gətirib çıxarmışdı. Artıq Azərbaycanın müstəqilliyi sual altında idi. Qeyd etdiyimiz kimi ölkədə qardaş qırğını artırdı, separatizm baş vermişdi. Ölkənin iqtisadi durumu hədsiz dərəcədə, kəskin böhran içində idi. 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3%-ə gəlib çatmışdı. Ölkənin valyuta ehtiyatları yox idi. Dövlət büdcəsi təsdiq edilməmişdi və əhali aylarla maaş ala bilmirdi. Səriştəsiz iqtisadi, o cümlədən bütövlükdə səriştəsiz siyasət nəticəsində bütün keçmiş iqtisadi əlaqələr tamamilə pozulmuşdu. Rayonlarımız dalbadal işğal olunurdu. Xalq vahimə, qorxu içində idi və eyni zamanda sözün əsl mənasında artıq daxildəki satqınların, səriştəsizlərin və eləcə də kənardan Azərbaycanı bir dövlət kimi görmək istəməyən məkrli mərkəzlərin təsiri altında Azərbaycan artıq parçalanma, süqut etmə və müstəqil dövlətçiliyini itirmək ərəfəsində idi”.
A.Hüseynov qeyd edib ki, buna görə də Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu:
“Heydər Əliyev Azərbaycan xalqının dərdlərinə, problemlərinə heç vaxt biganə qalmamışdı. Əlbəttə, bu dəfə də qala bilməzdi və 1993-cü ildə siyasi hakimiyyətə gəldi. Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra sözün əsl mənasında Azərbaycanın əsl müstəqillik dövrü başladı. Düzdür, Azərbaycanın dövlət müstəqilliyinə dair konstitusiya aktı 1991-ci ildə qəbul olunub. Amma Heydər Əliyevin gəlişindən sonra xarici və daxili siyasətimizin məntiqinə, Azərbaycan xalqının maraqlarına söykənən, dövlət və milli maraqları özündə ifadə edən bir siyasi konsepsiya hazırlandı. Az müddət sonra Heydər Əliyev ölkədəki qarşıdurmanın, anarxiyanın, özbaşınalığın, qardaş qırğınının, separatizmin qarşısını aldı. Ölkədə böyük iqtisadi islahatlar başladı və demək olar ki, bizim bugünkü nailiyyətlərimiz məhz Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlməsinin bəhrəsidir. Biz bu gün dünyada artıq öz nüfuzu, öz yeri olan bir dövlət kimi qəbul olunuruq. Bizə hörmətlə yanaşılır və Azərbaycan bu gün dünyaya inteqrasiya edir. Prezident İlham Əliyev məhz Heydər Əliyevin təməlini qoyduğu müstəqil dövlətimizi daha da möhkəmləndirir. Buna görə də biz ulu öndər Heydər Əliyevə mənən borcluyuq və onun nurlu xatirəsi, siyasi irsi daim bizə əzizdir, doğmadır”.