11 İyun 2019 20:28
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Bakı şəhərinə qayıtdığı vaxt Azərbaycanda dövlətçilik itirilmişdi. Heydər Əliyev, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə ulu öndərə əbədi olaraq minnətdardır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisinin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, Heydər Əliyevin 1970-80-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımları, qanlı 20 Yanvar faciəsinin pislənilməsi, Kommunist Partiyasının sıralarını tərk etməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanılmasına dair referendumun keçirilməməsi – bütün bu amillər, əlbəttə, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı:

“Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində antimilli mahiyyət kəsb edən daxili və onun davamı olan xarici siyasət kursu ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Nəticədə məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

AXC-Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Güney Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. “Demokratiya aşiqləri”nin bu yarıtmaz siyasəti nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi”.

E.Nəsirov bildirib ki, bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi:

“Erməni işğalçılarının aramsız hücumları, cənubda qondarma “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yolla getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə ölkədə dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər