11 İyun 2019 20:41
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi”.

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, "Keşikçidağ" hissəsində sərhəd həmişə olub: "O, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir. Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur”.

Qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri belə şərh edib: "Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq".


Müəllif: Nərgiz

Oxşar xəbərlər