24 İyun 2019 22:13
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

- Sülhəddin bəy, İran ətrafında yaranan son durum nədən ibarətdir?
- Birincisi, fikir söyləyərkən nəzərə almaq lazımdır ki, ABŞ-ın özündə belə İranla bağlı yekdil mövqe yoxdur. Tramp və ətrafında olan məhdud komanda İranı təhdid etməklə danışıqlar masası arxasında oturtmağa çalışır. Eynən Şimali Koreya Xalq Respublikası ilə olduğu kimi.

İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və digər güclər isə İrana zərbə vurulmasını, iqtisadi baxımdan ölkənin sərt blokadaya alınmasını, kəşfiyyat, informasiya və kiber hücumlar həyata keçirilməsini və nəhayətdə İranda rejim dəyişikliyinə nail olunmasını istəyirlər.

Ona görə də, konkret fikir söyləmək bir qədər çətindir. Bu baxımdan ABŞ-ın pilotsuz uçuş aparatı Tehran tərəfindən vurulduqdan sonra Trampın İrana hücum zərbəsi endirmək haqda əmr verməsi və sonradan qərarından imtina etməsi diqqətə layiq hərəkətdir.

- Sizcə, gerçəkdən Tramp İrana zərbə endirmək əmrini vermişdi, yoxsa bu sadəcə “blef” idi?
- Yox, nəzərə almaq lazımdır ki, ABŞ-ın İran ətrafında çoxsaylı bazaları və 50 mindən çox hərbi qüvvəsi var. Yəni İran ətrafında həm suda, həm quruda, həm də havada ABŞ mövqe və aktivliyini təmin edib.

Bu baxımdan istənilən vaxt hərbi qüvvələr zərbə endirməyə hazırdır. Sadəcə burada siyasi tərəf məsələsi var. Tramp və yaxın ətrafı hələlik hesab edir ki, ABŞ-da seçki kampaniyasına start verildiyi bir ərəfədə İranla müharibəyə başlanması və hər hansı bir uğursuzluq ABŞ daxilində prezidentin nüfuzuna zərbə ola bilər. Bu səbəbdən də hərbi varianta ehtiyatlı yanaşır və gücdən istifadə etmək və təhdid siyasəti ilə İranı danışıqlar masasına gətirmək, bu zaman Vaşinqtonun maraqlarını təmin edəcək daha əlverişli razılaşmanın imzalanmasına nail olmaq məqsədi güdürlər.

- İran kimi tarixi dövlətçiliyi olan dövləti təhdidlər, güc nümayişi ilə masaya oturdub öz maraqlarının əleyhinə razılaşma imzalatdırmaq mümkündürmü?
- Məsələ belədir ki, İran böyük dövlətdir, tarixi siyasi-diplomatik təcrübəsi var. Məhz İranın maraqları tələb edir ki, müharibə olmasın və ABŞ-la siyasi-diplomatik dil tapılsın. Necə ki, 2015-ci ildə İran Obama administrasiyası ilə dil tapa bilmişdi.

Bu mənada istisna etmirəm ki, İran özünün milli və strateji maraqlarını nəzərə alaraq ABŞ-la hərbi toqquşmaya getmədən danışıqlar masasına otura bilər. Əlbəttə, burada daxili siyasi məsələlər, dini elitada gedən mübarizə amili də var. Yəni İran daxilində də vəziyyət mürəkkəbdir. Sosial iqtisadi vəziyyətə toxunmuram. Yaxın keçmişdə İranda kütləvi aksiyalar da olub.

Bu mənada İran daxili durumu və qarşı tərəfin ciddiyyətini nəzərə alsa, habelə ABŞ-a ancaq Trampın nəzarət etmədiyini, burada Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Şurası, Pentaqon kimi qurumların olduğunu, eyni zamanda İsrail, Səudiyyə Ərəbistanı kimi Tehrana münasibətdə aqressiv qüvvələrin olduğunu nəzərə alsa nəticələri hesablamalıdır.

Şübhəsiz ki, İranda belə düşünənlər var ki, bu mərhələdə daxildə mövqelərimizi gücləndirməyin bir yolu da xarici təhlükənin böyüməsidir. Çünki indiyə qədər imperiya təcrübəsi olan böyük xalqlar xarici təhlükə hiss edəndə dərhal daxili narazılığı bir kənara qoyaraq birləşir. Yəni İran daxilində məsələlərə yanaşma birmənalı və vahid deyil. Odur ki, bu proses bir müddət çəkəcək. Ancaq mən danışıqların olacağını istisna etmirəm. Çünki faktiki olaraq tərəflər vasitəçilər formatında danışıqlar aparır.

- Konkret hansı danışıqları nəzərdə tutursunuz?
- Bu danışıqların müəyyən hissəsi artıq mətbuata sızıb. Məsələn, Oman vasitəsilə danışıqlar aparılıb. Eləcədə İsveçrənin Tehrandakı səfiri vasitəsilə bu danışıqlar aparılır. Bu açıq informasiyadır.

- Bu gün ABŞ dövlət katibi Pompeo İran məsələsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Hindistan, Yaponiya və Cənubi Koreyaya səfərə gedib. Milli təhlükəsizlik müşaviri Bolton isə Təl-Əvivə gəlib. Doğurdanmı İrana qarşı qlobal koalisiya yaradılır?
- İranı diplomatik baxımdan təcrid etməyə çalışırlar. Eləcə də iqtisadi blokadaya alınır. İranın əsas gəlirləri neft satışındandır və neft ixracını sıfırlamağa çalışırlar. Odur ki, İrandan neft alan dövlətlərlə danışıqlar aparılır və bu sahədə ciddi irəliləyişlər var.

Digər tərəfdən, hərbi güc nümayişi, təzyiqlər, kiber hücumlar, kəşfiyyat, informasiya mübarizəsi gedir. Müasir dövrdə savaşlar artıq strateji xarakter alıb, bu savaşlar geniş və əhatəlidir, həmçinin zamana yayılır. Bəzən biz bu savaşı görmürük. İndi açıq formada bu savaşın diplomatik-siyasi cəbhəsi var, iqtisadi cəbhəsi var, kəşfiyyat, informasiya, kiber savaş tərəfləri var.

Eləcə də daxildə kəşfiyyat-təxribat əməliyyatlarının aparılması var. Bir sözlə, İrana qarşı çoxtərəfli bir müharibə başlayıb və mən buna strateji müharibə deyirəm.

Həmçinin, bu gün Təl-Əvivdə mühüm danışıqlar aparılır. ABŞ, Rusiya və İsrail milli təhlükəsizlik müşavirləri arasında görüşü keçirilir. Bu da mühüm və vacib görüşdür. Bu görüşdə də əsasən İran məsələsi müzakirə ediləcək. Hazırda dünyada ən aktual məsələ İran ətrafında baş verən proseslərdir. Mümkündür ki, “Yüz ilin sazişi”, Suriyadakı vəziyyət də müzakirə ediləcək. Həmçinin Yəmən, İraq mövzusu var. Ancaq daha vacibi İrandır və bu məsələdə tərəflər Rusiya ilə dil tapmağa çalışır. Sözsüz ki, burada Rusiyanın da maraqları var.

- Sizcə, İran məsələsində ABŞ və Rusiya razılaşa bilərmi?
- Nəzərə alın ki, Rusiya imperiyası İran məsələsində I və II Dünya müharibələri zamanı ingilislərlə razılaşıb. Nədən indi razılaşmasın? Məncə, razılaşma imkanları var və bunun tarixi təcrübəsi də var. Ancaq sözsüz ki, Rusiyanın payı bu dəfə gücünə mütənasib olaraq əvvəlki anlaşmalardan fərqli olaraq bir qədər az olacaq.

- Yəni rus ordusu yenə də gedib Təbrizdə oturacaq?
- Mən bunu bilmirəm. Hər şey razılaşmalardan, onun təbiətindən və xarakterindən asılı olacaq. Burada strateji, operativ-taktiki məsələlər var. Təəssüflər olsun ki, bizim əlimizdə dəqiq informasiyalar olmadığından dəqiq analiz vermək mümkün olmur. Onu da nəzərə alaq ki, İranla münasibətlərin kəskinləşməsi daha çox neft ixrac edən ölkə olaraq Rusiyanın xeyrinə işləyir. Çünki dünya bazarında neftin qiymətinin bahalaşma ehtimalları var.

- Zahiri müşahidələrə görə, sanki İran məsələsində Türkiyə oyundan kənar vəziyyətə salınıb. Alt qatlarda da Ankara İran kompaniyasından kənarda qalır?
- Düşünmürəm ki, alt qatlarda da vəziyyətdən kənarda saxlanılır. Yəqin ki, kəşfiyyat qurumları, milli təhlükəsizlik şuraları, hərbi qurumlar və gizli diplomatiya sayəsində təmaslar var. Sadəcə ABŞ, İsrail və Səudiyyə ilə Türkiyənin münasibətlərinin indiki durumunu nəzərə alsaq, sözsüz ki, münasibətlər bundan irəliyə getməyə imkan vermir.

Mən, Türkiyənin bu məsələni gündəmdə saxladığını görürəm. Həmçinin gecə və tez olmasından asılı olmayaraq Türkiyə ilə də bu mövzuda müzakirələrin aparılacağını gözləyirəm.


Müəllif: Cavad

Oxşar xəbərlər