28 İyun 2019 23:22
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası üçün çağırış edib.

Teleqraf.com xəbər verir ki, Ə.Əhmədov sosial şəbəkə hesabından etdiyi çağırışda AXCP sədri Əli Kərimlinin “xeyriyyə marafonu” adı altında qanunazidd əməllərinə diqqət çəkib.

"Müxalifətçi partiyanın sədri Əli Kərimli törətdiyi qanunsuzluqlara görə haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir. Əvvəla, törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir.

İkincisi isə müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək aksiyasına qoşulmağa dəvət edirəm. Özüm isə işlədiyim idarənin mühasibatına aylıq əmək haqqımın 50 faizinin həmin fonda köçürülməsi barədə müraciət edirəm”, - Ə.Əhmədov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər