Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Ankaradakı görüşündə dedi ki, Türkiyə Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğan bu fikri dəfələrlə deyib. Bundan sonra bəzi saytlarımızda belə bir başlıq oxuyuram: “Ərdoğanın Krım açıqlaması Rusiyanı qızdıracaq”. Ərdoğan nə deməliydi?
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ərdoğan özünə və siyasətinə güvənən siyasətçidir, o, dostu Putin istəyir deyə “Krımın ilhaqını qəbul etmirik” fikrini səsləndirməkdən imtina etməz: “Ərdoğan Rusiya ilə sıx münasibətlər qurub deyə Krımın ilhaqını həzmi etməlidir? Və ya Ərdoğan Ukrayna prezidenti ilə görüşdə hər hansı bəhanə adı altında Krımın adını çəkməməliydimi?”
Elxan Şahinoğlunun fikrincə, bizdə yanlış təsəvvür formalaşır ki, əgər hər hansı ölkənin Rusiya ilə yaxşı münasibətləri varsa, həmin ölkənin rəsmisi və ya mediası Krımdan danışmamalıdır, Kreml “qızmasın” deyə Krım mövzusu üzərindən sükutla keçilməlidir: “Başıma çox gəlib. “Rusiya Krımı ilhaq edib” fikrini senzura edənlər anlamalıdırlar ki, bununla Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi zəiflədirlər”.