Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, bəzi xəbər saytlarında Türkiyədən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı xəbəri alan kimi Türkiyə rəsmi məqamları ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat alınıb.
Səfir qeyd edib: "Ankarada rəsmi məqamlardan bizə verilən açıqlamada bu gün Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib".
O əlavə edib ki, azərbaycanlıların Türkiyədən kütləvi şəkilə deportasiya edilməsi barədə söz belə gedə bilməz.
Səfir bildirib ki, əksinə Türkiyədəki azərbaycanlıların problemlərinin həll edilməsi iki gün əvvəl vitse-prezident Fuat Oktayın Bakıya səfəri zamanı əsas aktual məsələlərdən biri olub:
"Biz bu məsələdə Azərbaycanın aidiyyatı qurumları ilə davamlı olaraq əlaqə saxlayırıq, bu problemlərin həlli üçün də əlimizdən gələn bütün işləri edirik və yaxın zamanda bu problemlər öz həllini tapacaq".