9 Oktyabr 2019 15:44
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti demək olar ki, canlı bir orqanizmdir. Bu canlı orqanizmdə bütün orqanlar saat mexanizmi kimi dəqiq işləməlidir ki, cəmiyyətdə harmoniya təmin olunsun, təbəqələrarası balans pozulmasın.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Balakən və Nəsimi rayonlarının sabiq icra hakimiyyəti başçısı Nəsib Məhəməliyev bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinə başçılıq edən insan iqtisadiyyatı, sosial sferanı, tikintini, kommunal təsərrüfatı, aqrar sektoru, kommunikasiyanı və digər sahələri yaxşı bilməli, eyni zamanda ən əsas məsələ olan mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyasını təmin etməyi bacarmalıdır:

“Ona görə ki, bütün nazirliklərin və komitələrin işi bir-biri ilə sıx şəkildə bağlıdır. 2000-ci illərin ortalarında Bakı şəhərində aparılan abadlıq, quruculuq işləri cənab prezidenti qane etmirdi və şəhərdə yenidənqurma işlərinə şəxsən özü rəhbərlik etməyə başladı. Əsas layihələrin icrasını isə Əli müəllimə (dünən baş nazir təyin olunan Əli Əsədov nəzərdə tutulur-red.) tapşırdı. Qısa müddət keçəndən sonra bir-birinin ardınca artıq şəhərimizin simvollarına çevrilmiş saraylar, ən müasir, dünya standartlarına uyğun məktəblər tikildi, çoxsaylı mədəniyyət obyektləri, parklar abadlaşdırıldı. Bakının tarixi hissəsi restavrasiya olundu və sair”.

N.Məhəməliyev qeyd edib ki, 10 ilə yaxın müddətdə bir çox layihələrin icrası zamanı Əli Əsədovla sıx təmasda olduğu üçün onun Prezident İlham Əliyevin tapşırıqlarını operativ, vaxtından əvvəl, dəqiqlik, yüksək zövq və keyfiyyətlə yerinə yetirməsinin şahidi olub:

“Bir çox hallarda onun müzakirə olunan istənilən məsələyə müxtəlif rakursdan baxmaq bacarığını müşahidə etmişəm. Məhz bu keyfiyyət hər bir rəhbər vəzifəli şəxs üçün olduqca vacibdir. Sadalanan bu keyfiyyətlərin hamısı yeni baş nazirdə cəmləşib və Nazirlər Kabinetinin işini yeni keyfiyyət müstəvisinə çıxaracağına şübhə yoxdur. Respublikamız üçün uğurlu olsun”.


Müəllif: Səxavət