16 Oktyabr 2019 11:35
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Türk dövlətlərinin liderlərinin iclasında Zəngəzurla bağlı dedikləri tarixi həqiqətdir. Zəngəzurun ermənilərə verilməsi türk dünyasını parçaladı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, biz Ermənistan paytaxtının da tarixi Azərbaycan torpağı olduğunu hər yerdə bildirməliyik:

“İndiki Ermənistanın paytaxtı sayılan İrəvan şəhərinin, tarixi Azərbaycan şəhəri olması dünyanın kiçik tarixçilərində belə, sual doğurmur. Ermənistanın ərazisi tarixən Urartu, Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olub.

Bu dövlətlərə nəzər salarkən, İrəvan şəhərinin və ətraf ərazilərin etnik tərkibinin hansı qruplardan ibarət olması, orada yaşayan əhalinin hansı dinə qulluq etməsi və danışdıqları dil heç kimdə şübhə oyatmır. Təəsüflər olsun kı, Sovetlər dövründə erməni tarixşünaslığında İrəvan və Naxçıvan xanlıqlarının Şərqi Ermənistan kimi təqdim edilməsinə bizim tarixşünaslıq heç bir reaksiya vermir, ona qarşı mübarizə aparmırdı. Ermənilərin 2018 -ci ildə İrəvan şəhərinin 2800 illiyini qeyd etmələri onların növbəti tarixi uydurmalarından biridir.

Bununla da onlar növbəti dəfə özlərinin guya qədim dövlətçilik ənənələrinə və mədəniyyətə sahib olmasını bildirmək istəyirlər. Əslində isə İrəvan şəhəri heç də onların göstərdiyi tarixə malik deyil”.

Ekspert qeyd edib ki, erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar:

“Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu qurulmayıb. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olub. Orta əsrlərdə, artıq, şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebuni qalası arasında xeyli məsafə olub. Bununla da ermənilər dünyaya bəyan edirlər ki , İrəvan şəhəri hətta qədim Romadan 30 yaş “böyük” imiş”.

Zaur Məmmədov qeyd edib ki, İrəvanın adının “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir:

“Guya kı, dünyanı su basarkən Nuh peyğəmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “Yereval” (yəni ermənicə "Göründü") olub.

Həmin görünən yer isə, guya indiki İrəvan şəhəri imiş. İndiki Ermənistan ərazinin bir hissəsində mövcud olmuş Urartu dövləti - Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranıb. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər. Ermənilərin dediklərinə baxmayaraq, bu dövlətin haylarla heç bir əlaqəsi yoxdur”.

Politoloq İrəvanın qədim Azərbaycan şəhəri olduğunu və bunun qədim ərəb və rus mənbələrində təsdiq edildiyini diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu