6 Noyabr 2019 16:33
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açığını deyim, bu, çox da ciddi hadisə deyil. Çünki istər orada toplanan kontingent, istərsə də Əli İnsanovun ora qatılması Azərbaycan siyasətində ciddi təsirə malik olmayacaq.

Bunu Teleqraf.com-a Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Həsrət Müsavat Partiyasının qərargahında müxalifətin keçirdiyi məsləhətləşməyə münasibətini açıqlayərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün elə bir ölkədir ki, burada həqiqətən də xalqın adamı olanların siyasi proseslərə təsir etmək imkanları var:

“Təbii ki, bu baxımdan ora toplaşanlar bu kateqoriyaya aid adamlar deyil. Eyni zamanda çoxdan bitmiş, tükənmiş, ümumiyyətlə, siyasətdə meyid kimi bir şey olan Əli İnsanovun da ora qatılması o adamların özlərinə təskinlik verməsindən başqa bir şeyə yaramır. Əli İnsanov kimdir? Birincisi, Əli İnsanovun arxasında siyasi güc yoxdur. İkincisi də onun arxasında olacaq adamlar onun özü kimilər olacaq. Bilirsiniz ki, Əli İnsanov Heydər Əliyev hakimiyyətinin ən korrupsioner, xirtdəyədək korrupsiya içində batan bir naziri idi. Yəni, cəmiyyət daim ondan narazı olub. Xüsusən, müxalifət ən kəskin şəkildə o adamı tənqid edirdi. Elə dünən masa arxasında birlikdə oturduqları Əli İnsanovu ciddi tənqid edirdi. Eyni zamanda Əli İnsanov da əlində olan hakimiyyət imkanlarından istifadə edib onları davamlı şəkildə təhqir edir, hətta güllələnmələrini tələb edirdi”.

Azər Həsrət qeyd edib ki, indi bu adamların bir araya gəlib hansısa siyasi platforma təqdim edəcəkləri, ümumiyyətlə ölkədə siyasi proseslərə təsir etmək istəyəcəkləri sadəcə olaraq baş qatmaqdan başqa bir işə yaramaz:

“Yəni, mən şəxsən düşünürəm ki, dünən bir yerə toplaşmış bu adamların ölkə gündəmini dəyişmək gücü yoxdur. Azərbaycan cəmiyyəti də onların ora toplaşmasını sadəcə bir dərnək toplantısı kimi qəbul etdi. Bir neçə gündən sonra da yaddan çıxacaq”.

Qeyd edək ki, noyabrın 5-də Müsavat Partiyasının qərargahında müxalifət ölkədəki vəziyyətlə bağlı tədbir keçirib. Tədbirə keçmiş səhiyyə naziri Əli İnsanovun da qatılması birmənalı qarşılanmayıb.


Müəllif: Səxavət